Azərbaycan Respublikasının Dubay şəhərində Baş Konsulu Kamran Məmmədzadə konsul patentini təqdim etmişdir
28 aprel 2026-ci il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının baş konsulu Kamran Məmmədzadə Konsul patentinin əslini BƏƏ Xarici İşlər Nazirliyinin Dubay Ofisinin Direktorunun müavini Rəşid Abdulla Əl Qaseerə təqdim etmişdir.
Görüşün əvvəlində direktor müavini R. Əl Qaseer təyinatla əlaqədar baş konsulu təbrik edərək, gələcək fəaliyyətində uğurlar diləmişdir. O, hal-hazırda Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin yüksək səviyyədə olduğunu və əlaqələrin inkişafında pozitiv dinamikanın müşahidə edildiyini vurğulayaraq, dost və qardaş Azərbaycan ilə bir çox istiqamətlərdə, o cümlədən iqtisadiyyat, energetika, turizm və xidmət sahələri üzrə əməkdaşlığın genişləndiyini qeyd etmişdir.
R. Əl Qaseer 2025-ci ildə imzalanmış “Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişinin (CEPA)” ikitərəfli münasibətlərimizdə qarşılıqlı etimad və davamlı inkişaf üçün yeni bir fəsil açdığını bildirmiş və Azərbaycan-BƏƏ Biznes Forumunun yaradılması haqqında Anlaşma Memorandumuna toxunaraq, sözügedən memorandumun iqtisadi əməkdaşlığın inkişafına, xüsusən də özəl sektorlar arasında təmasların yaradılmasına töhfə verdiyini qeyd etmişdir.
Öz növbəsində Baş konsul K. Məmmədzadə, səmimi təbrikə görə təşəkkürünü bildirərək, Azərbaycan ilə BƏƏ arasında ali və yüksək səviyyədə qarşılıqlı səfərlər və fəal təmasların, eləcə də beynəlxalq platformalarda səmərəli əməkdaşlığın və müxtəlif sahələrdə dinamik fəaliyyətin ikitərəfli əlaqələrin Strateji Tərəfdaşlıq səviyyəsinə qalxmasına gətirib çıxardığını vurğulamışdır.
O, Azərbaycan Respublikası Prezidenti Zati-aliləri cənab İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin qurucusu mərhum Şeyx Zayedin adını daşıyan nüfuzlu “2026-cı il Zayed İnsan Qardaşlığı Mükafatına” layiq görülməsinin regionda sülhün bərqərar olması səylərinə verilən yüksək qiymət olduğunu diqqətə çatdırmışdır.
Baş konsul Birgə İqtisadi Komissiya və Siyasi Məsləhətləşmələr mexanizmlərinin ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün mühüm alətlər olduğunu qeyd edərək, Azərbaycanın BƏƏ ilə enerji sektorunda qarşılıqlı faydalı əməkdaşlığına toxunmuşdur.
Görüş zamanı, ölkələrimiz arasında strateji tərəfdaşlıq çərçivəsində görülən işlər, həm ikitərəfli, həm də çoxtərəfli çərçivədə əməkdaşlıq perspektivləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır.