Vətəndaşlıq məsələləri
1. Azərbaycan Respublikasının vətəndaşlığının tanınması əsasları
Azərbaycan Respublikasının Vətəndaşlığı haqqında Qanuna uyğun olaraq, həmin Qanun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər (əsas: şəxsin, qanun qüvvəyə minənə qədər Azərbaycan Respublikasında yaşayış üzrə qeydiyyatda olması), 1992-ci il yanvar ayının 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər, 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar və həmin qanuna əsasən vətəndaşlığı qəbul etmiş şəxslər Azərbaycan Respublikasının vətəndaşları hesab edilirlər.
Doğum haqqında şəhadətnamə, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və Azərbaycan Respublikası vətəndaşının pasportu (ümumi, xidməti və diplomatik) Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərdir.
2. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul
Azərbaycan Respublikasının ərazisində son beş il ərzində yaşayan və Azərbaycanın dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və ya vətəndaşlığı olmayan şəxs vəsatətlə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Azərbaycan Respublikası vətəndaşlığını əldə etmək istəyən şəxs Azərbaycan Respublikası Prezidentinin adına yazılmış, nümunəsi Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş ərizə-anketlə (Anket 1) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət edir.
Ərizə-anketə aşağıdakı sənədlər əlavə edilir:
- 4 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- yaşayış yerindən ailə tərkibi haqqında arayış;
- dövlət rüsumunun ödənilməsi haqqında sənəd;
- Azərbaycan Respublikasında son beş il ərzində yaşaması barədə yaşayış yerindən arayış;
- Azərbaycan Respublikasının dövlət dilini bilməsi barədə Təhsil Nazirliyindən arayış.
Azərbaycan Respublikası vətəndaşlığını qəbul etmək istəyən şəxs Azərbaycan Respublikası ilə ikili vətəndaşlığın qarşısının alınması haqqında beynəlxalq müqaviləsi olan dövlətin vətəndaşı olarsa, belə dövlətin səlahiyyətli orqanının onun Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmək niyyətinə olan münasibətini təsdiq edən sənəd təqdim etməlidir. Əgər belə sənədin təqdim edilməsi müraciət edən şəxsdən asılı olmayan səbəblər üzündən mümkün deyilsə, şəxs ərizə-anketdə bunu mütləq göstərməlidir.
Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi, bərpa edilməsi barədə vəsatət qaldıran şəxs Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş dövlət quruluşunu zorakılıqla dəyişdirməyə və Azərbaycan Respublikasının ərazi bütövlüyünü pozmağa çağırışlar edərsə, dövlət təhlükəsizliyinə, ictimai asayişin qorunmasına, əhalinin sağlamlığına və ya mənəviyyatına zərər vuran fəaliyyət göstərərsə, irqi, dini və milli müstəsnalığı təbliğ edərsə, terrorçuluq fəaliyyəti ilə əlaqəsi olarsa, həmin şəxsin Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilməsinə dair vəsatəti rədd edilir.
Vətəndaşlıq məsələləri ilə əlaqədar vəsatətlərə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında baxılır.
3. Azərbaycan Respublikasının vətəndaşlığına bərpa
Əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olmuş və ya Azərbaycan Respublikası vətəndaşlığına xitam verilmiş şəxsin öz vəsatəti əsasında, onun Azərbaycan Respublikası vətəndaşlığı bərpa edilə bilər. Bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin adına ərizə-anketlə müraciət edilir.
Ərizə-anketə aşağıdakı sənədlər əlavə edilir:
- 4 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi barədə sənəd;
- yaşayış yerindən ailə tərkibi haqqında arayış;
- QİÇS müayinəsindən keçməsi və sağlamlıq haqqında arayış (vətəndaşlığa bərpa olunmaq üçün müraciət edən şəxs Azərbaycan Respublikasını tərk etməyibsə bu sənəd tələb olunmur)
Azərbaycan Respublikası vətəndaşlığına bərpa barədə Azərbaycan Respublikası Prezidentinin adına yazılmış vəsatətləri Azərbaycan Respublikasının ərazisində yaşayan şəxslər DİN-ə, xarici dövlətlərdə yaşayan şəxslər isə Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə və ya konsulluq idarələrinə təqdim edirlər.
Azərbaycan Respublikasında yaşayan uşağın valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxs, digəri isə əcnəbidirsə və ya Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan uşağın valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxs, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə, uşaq Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş valideynin vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilər.
Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi, bərpası və ya vətəndaşlığa xitam verilməsi barədə qərarı Azərbaycan Respublikasının Prezidenti qəbul edir. Qəbul edilmiş qərar barədə vəsatət qaldıran şəxsə yazılı məlumat verilir.
4. Azərbaycan Respublikası vətəndaşlığından çıxılması üçün tələb olunan sənədlərin siyahısı
1. Azərbaycan Respublikası vətəndaşlığından çıxılması üçün tələb olunan anket Azərbaycan dilində yazılmalıdır. Əgər Sizin 14 yaşına çatmamış uşaqlarınız varsa, onların soyadları və tələb olunan məlumatlar Sizin anketə yazılmalıdır. 14-18 yaşında olan uşaqlar ayrı-ayrılıqda anket yazmalıdırlar və onlar dövlət rüsumunun ödənilməsindən azad olunurlar. 14-18 yaşında olan uşaqların Azərbaycan Respublikası vətəndaşlığından çıxılması üçün növbəti sənədlər tələb olunur: a) Sizinlə birgə Azərbaycan Respublikası vətəndaşlığından çıxılması üçün uşağın notarius tərəfindən təsdiq olunmuş razılıq ərizəsi; b) o biri valideynin uşağın vətəndaşlıqdan çıxılması üçün notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi və ya valideynlərdən birinin ölüm haqqında şəhadətnaməsi, boşanma haqqında məhkəmə qərarı və sairə. Uşağın yaşından asılı olmayaraq 3 rəngli fotoşəkil (35 mm x 45 mm);
2. Azərbaycan Respublikası vətəndaşlığından çıxılması səbəbini göstərməklə Azərbaycan Respublikası Prezidentinin adına ərizə;
3. 3 rəngli fotoşəkil (35 mm x 45 mm);
4. Sizin şəxsiyyətinizi təsdiq edən sənədlərin surətləri (doğum, nikah haqqında şəhadətnamələr, hərbi bilet, şəxsiyyət vəsiqəsi, xarici pasport və sairə);
5. Tərcümeyi-hal;
6. Yaşadığınız ölkənin rəsmi orqanları tərəfindən Sizin həmin ölkənin vətəndaşlığına qəbul edilməsi üçün verilmiş təminatın əsli;
7. Yaşayış yeri haqqında arayış.
Azərbaycan Respublikası vətəndaşlığından çıxılması üçün tələb olunan bütün sənədlər 3 nüsxədə təqdim olunmalıdır.
Vətəndaşlıqdan çıxma prosesinin tezləşdirilməsi üçün xahiş edirik tələb olunan sənədləri aydın doldurasınız.
Anketin 2-ci və 6-cı bəndlər kompüter vasitəsilə yazılmalıdır.