2022-11-15

Dubayda təşkil olunmuş Zəfər Günü və Şuşa ili tədbiri

Azərbaycan Respublikasının Dubaydakı Baş konsulluğunun inzibati binasinda 8 Noyabr - Zəfər GünüŞuşa ili münasibətilə bayram tədbiri keçirilib. Tədbirdə Dubayda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, UNESCO üzrə Azərbaycan Respublikasinin Milli Komissiyasinin baş katibi Seymur Fətəliyev, bu şəhərdə yaşayan və təhsil alan soydaşlarımız, media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Repsublikasının Dubaydakı baş konsulu Cavidan Hüseynov İkinci Qarabağ müharibəsində Azərbaycanın şanlı Qələbəsindən bəhs etmiş, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik siyasəti və sərkərdəlik məharəti nəticəsində cəmi 44 gün ərzində Azərbaycan Ordusunun Zəfəri və işğalçı Ermənistanın kapitulyasiyası haqqında qonaqlara ətraflı məlumat vermişdir. Baş Konsul həmçinin, Azərbaycanın və Cənubi Qafqazın mədəniyyət mərkəzi olan qədim Şuşa şəhərinin azad edilməsi uğrunda aparılan hərbi əməliyyatın dünya hərb tarixinə qızıl hərflərlə yazıldığını qeyd etmişdir.

Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri, keçmiş müvəqqəti köçkünlərin öz doğma yurdlarına qaytarılması istiqamətində həyata keçirilən “Böyük Qayıdış” proqramı, Azərbaycanın regionda dayanıqlı sülhə və tərəqqiyə nail olunması üçün göstərdiyi səylər barədə danışmışdır.

Sonra tədbir iştirakçıları Xalq artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi “Qarabağ” muğam qrupunun ifasında Azərbaycan musiqisinin incisi olan muğam və xalq mahnılarından ibarət konserti dinləməyə dəvət olunmuşlar.

Tədbir Azərbaycan mətbəxinin ləziz təamlarından ibarət furşet ilə yekunlaşmışdır.

 

Arxiv üzrə axtarış