2020-10-13

Xarici diplomatlar Gəncədə erməni vəhşiliyini öz gözləri ilə görüblər

Oktyabrın 12-də Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri Gəncəyə səfər ediblər.

Diplomatları Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov, Xarici İşlər nazirinin müavini Ramiz Həsənov və başqaları müşayiət ediblər.

Səfərin məqsədi diplomatları erməni vəhşiliyi - Ermənistanın günahsız mülki insanlara və enerji infrastrukturuna qarşı həyata keçirdiyi məsuliyyətsiz raket hücumlarının səbəb olduğu cinayət səhnələri ilə tanış etmək idi.

Oktyabrın 12-nə olan məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində, ümumilikdə, 41 mülki şəxs qətlə yetirilib, 207 nəfər isə yaralanıb. Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 148, çoxmənzilli yaşayış binalarının sayı 57, yaşayış evlərinin sayı isə 1185-dir.

Diqqətə çatdırılıb ki, Ermənistanın bu əməlləri Moskvada əldə olunmuş humanitar atəşkəs razılaşmasına ziddir. Azərbaycan humanitar atəşkəs rejiminə əməl etsə də, Ermənistan mülki əhaliyə qarşı vandalizm aktı törətdi. Beynəlxalq təşkilatlar hərbi cinayətlər törədən, dinc əhalini hədəfə alan Ermənistana siyasi təzyiq göstərməlidir. Əgər Ermənistan bu əməllərini davam etdirəcəksə, Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq cavab tədbirləri görəcək.

Xarici diplomatlar erməni faşizminin izləri ilə tanış olub, həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, tamamilə dağılmış yaşayış binasının ətrafına gül düzüblər.

Arxiv üzrə axtarış