2020-02-27

Xocalı Soyqırımının 28-ci ildönümü Dubayda qeyd olundu

26 fevral 2019-cu il tarixində Dubay şəhərində Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki Səfirliyi və Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki Baş Konsulluğunun birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım mərasimi təşkil olunmuşdur.

Tədbirdə Dubayda akkreditə olunmuş Baş konsullar, diplomatlar, o cümlədən Birləşmiş Ərəb Əmirliklərində yaşayan həmvətənlərimiz, ziyalılar və yerli ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Tədbirin əvvəlində Xocalı faciəsi qurbanları və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Azərbaycan Respublikasının Dubaydakı Baş konsulu Cavidan Hüseynov tədbiri açıq elan edərək, giriş nitqi söyləmiş, Xocalı soyqırımı və bu qanlı faciənin qurbanlarının hər il Azərbaycanda və dünyanın bir sıra ölkələrində ehtiramla yad edildiyini bildirmişdir. Öz nitqində C.Hüseynov qeyd etmişdir ki, Xocalı soyqırımı XX əsrin insanlıq əleyhinə yönəlmiş ən amansız cinayətlərindən və ən qəddar terror aktlarından biridir.

Baş konsul hadisə ilə bağlı tarixi xatırlatma edərək, 1992-ci ilin 26 fevral tarixində Xocalıda baş vermiş qırğının ermənilər və onların havadarlarının Azərbaycan xalqına qarşı apardıqları işğalçılıq, etnik təmizləmə və soyqırımı siyasətinin davamı olduğunu bildirmişdir. Bu hadisələrin təfsilatından bəhs edən C. Hüseynov ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan parlamentinin 26 fevralı Xocalı soyqırımı günü kimi elan etdiyini xüsusi vurğulamışdır. O, Xocalı soyqırımı qurbanları və onların ailə üzvlərinin Prezident İlham Əliyevin daim diqqət mərkəzində olduğunu qeyd edərək, məhz aparılan məqsədyönlü siyasətin nəticəsində artıq 14  dövlətin qanunverici orqanları və  ABŞ-ın 22 ştatının Xocalı soyqırımını soyqırımı kimi rəsmi qaydada qəbul etdiyini diqqətə çatdırmışdır.

C.Hüseynov faciə ilə, eləcə də Ermənistanın ölkəmizə qarşı təcavüzü ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla xanım Əliyevanın rolunu qeyd etmişdir. Məhz onun təşəbbüsü ilə 8 may 2008-ci il tarixində - Şuşanın işğalının ildönümündə irəli sürülmüş “Xocalıya ədalət” kampaniyasının hal-hazırda 80-dən artıq ölkədə uğurla davam etdirilməkdə olduğunu bildirmişdir.

Baş konsul Cavidan Hüseynovun nitqindən sonra diaspora nümayəndəsi Fərhad Abasov ermənilərin tarixi Azərbaycan torpaqlarında yerləşdirilməsi və Xocalı soyqırımı ilə bağlı geniş təqdimatla çıxış etdi.

Bundan sonra Türkiyə Respublikasının Dubaydakı Baş konsulu İlkər Kılıç çıxış edərək tarixboyu xalqımızın üzləşdiyi haqsızlıqlar və başına gətirilən müsibətlərdən söz açaraq türk xalqının hər zaman Azərbaycanın yanında oldğunu bildirmişdir. Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirənlərin saxta soyqırımı iddiaları ilə dünyanı aldatmağa çalışdığını bildirən İ. Kılıç ədalətin mütləq zəfər çalacığını söyləmişdir. Dağlıq Qarabağla bağlı məsələnin Azərbaycan qədər Türkiyənin də məsələsi olduğunu vurğulayan İ. Kılıç qələbinin uzaqda olmadığını söyləmişdir.

Tədbirin sonunda Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Khojaly Genocide” adlı sənədli film nümayiş etdirilmişdir.

Rəsmi hissədən sonra tədbir iştirakçıları "Xocalı soyqırımı" adlı fotosərgi ilə tanış olmuş və mərasim iştirakçılarına Qarabağ münaqişəsi, xüsusilə də Xocalı soyqırımını əks etdirən kitab və materiallar paylanılmışdır.

Arxiv üzrə axtarış