2019-02-11

Dubayda VII Dünya Hökumətlər Sammiti keçirilir.

10 fevral 2019-cu il tarixində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində BƏƏ-nin vitse-prezidenti, Baş naziri, Dubayın hökmdarı Şeyx Məhəmməd bin Rəşid Əl Məktumun himayədarlığı altında VII Dünya Hökumətlər Sammiti (WGS 2019) öz işinə başlamışdır.

Sammitdə ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Daşqın Şikarov və Azərbaycan Respublikasının Dubay və Şimal Əmirliklərindəki baş konsulu Cavidan Hüseynov tədbirdə iştirak etmişlər.

140 ölkədən 4 mindən çox yüksək vəzifəli məmur, dövlət və hökumət başçıları, 30 beynəlxalq təşkilatın təmsilçiləri, diplomatlar, dünyanın qabaqcıl şirkətlərinin rəhbər və nümayəndələri və iş adamlarının iştirak etdiyi tədbir 7 başlıq altında gələcəyin həyati əhəmiyyətli sektorlarına dair 200-dən çox interaktiv sessiyanı əhatə edəcəkdir.

VII Dünya Hökumətlər Sammiti 12 fevral 2019-cu il tarixinədək davam edəcəkdir. Tədbirdə iştirak edən dövlət başçıları, hökumət təmsilçiləri, alimlər və sahibkarlar yeddi əsas sahə - texnologiyalar və onların hökumətlərə təsirinin gələcəyi; sağlamlığın və həyat keyfiyyətinin gələcəyi; ətraf mühit və iqlim dəyişmələri; təhsil və əmək bazarı; ticarət və beynəlxalq əməkdaşlıq; cəmiyyətlər və siyasət; media və hökumət ilə cəmiyyət arasında kommunikasiya mövzularında öz təcrübələrini bölüşəcəklər.

Arxiv üzrə axtarış