2018-11-01

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş sərgisinin açılışı olmuşdur.

Azərbaycan Respublikasının Dubaydakı Baş Konsulluğu və Gənclərin Sosial-Psixoloji Reabilitasiyası Mərkəzi – “Dirçəliş” təşkilatının birgə təşkilatçılığı ilə Dubay şəhərində gənc azərbaycanlı rəssamların Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş sərgisinin açılışı olmuşdur.

31 oktyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Dubaydakı Baş Konsulluğu və Gənclərin Sosial-Psixoloji Reabilitasiyası Mərkəzi – “Dirçəliş” təşkilatının birgə təşkilatçılığı ilə Dubay şəhərində gənc azərbaycanlı rəssamların Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş sərgisinin açılışı olmuşdur.

Azərbaycan Respublikasının Dubaydakı Baş konsulu Cavidan Hüseynov mərasimdə çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin incəsənətin inkişafına böyük diqqət ayırdığını bildirmişdir. O, 25 gənc istedalı rəssamın 90-dan çox sənət əsəri ilə birlikdə tədbirdə iştirak etdiyini və sözügedən rəssamların Azərbaycanın tanınmış Xalq rəssamı Sakit Məmmədov məktəbinin tələbələri olduqlarını diqqətə çatdırmışdır. Baş konsul C.Hüseynov sərginin 6 gün davam edəcəyini bildirmişdir.

Bundan sonra Türkiyə Respublikasının Dubay şəhərindəki Baş konsulu İlker Kılıç, Azərbaycan Respublikasının Xalq rəssamı Sakit Məmmədov və Gənclərin Sosial-Psixoloji Reabilitasiyası Mərkəzi – “Dirçəliş” təşkilatının direktoru İslam Baxşəliyev sərgi ilə bağlı təəssüratlarını bölüşmüşlər. İ.Baxşəliyev tədbirin təşkilində göstərdiyi hərtərəfli və dərin dəstəyə görə Azərbaycan Respublikasının Dubay şəhərindəki Baş Konsulluğuna minnətdarlığını bildirmişdir.

Tədbirdə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Daşqın Şikarov da iştirak etmişdir.

Daha sonra Baş konsul Cavidan Hüseynov fərqlənən gənc rəssamlara sertifikatlar təqdim etmişdir.

Tədbirə qatılan qonaqlara Azərbaycan milli mətbəxindən təamlar təqdim edilmiş, ölkəmizin mədəniyyət və incəsənəti ilə bağlı jurnal, kitab və broşürlər paylanmışdır

Açılış mərasimində Birləşmiş Ərəb Əmirliklərində akkreditə olunmuş diplomatik korpusun üzvləri, Azərbaycan icmasının və yerli ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Sərgi noyabr ayının 5-ədək davam edəcəkdir.

 

 

 

 

Arxiv üzrə axtarış