2018-08-15

Azərbaycan Respublikasının Baş konsulu cənab Cavidan Hüseynov BƏƏ-nin ən nüfuzlu və geniş oxucu kütləsinə malik ingilis dilli nəşrlərindən olan “Gulf News” qəzetinin redaktor müavini Əşfəq Əhmədi Baş Konsulluqda qəbul etmişdir.

15 avqust 2018-ci il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının Baş konsulu cənab Cavidan Hüseynov BƏƏ-nin ən nüfuzlu və geniş oxucu kütləsinə malik ingilis dilli nəşrlərindən olan “Gulf News” qəzetinin redaktor müavini Əşfəq Əhmədi Baş Konsulluqda qəbul etmişdir.

Qəbula görə təşəkkürünü bildirən Ə.Əhməd görüşün tanışlıq məqsədi daşıdığını bildirmişdir.

Qonağı salamlayan C.Hüseynov onu Baş Konsulluqda görməkdən şad olduğunu ifadə etmişdir.

Görüşdə qarşılıqlı maraq kəsb edən müxtəlif mövzular müzakirə edilmişdir. Ə.Əhməd BƏƏ-nin rezident vizasına sahib şəxslər üçün Azərbaycana turist vizalarının Azərbaycan Respublikasının beynəlxalq statuslu hava limanlarında rəsmiləşdirilməsi ilə bağlı qərara toxunaraq, bunun Azərbaycana səfər etmək istəyən rezidentlər tərəfindən böyük rəğbətlə qarşılandığını bildirmişdir. O, sözügedən addımın turizmin inkişafı və turist axınına böyük töhfə verəcəyinə əminliyini ifadə etmişdir.

Öz növbəsində, C.Hüseynov Azərbaycan və BƏƏ arasında münasibətlərin müxtəlif sahələrdə dinamik şəkildə inkişaf etdiyini qeyd edərək, Azərbaycanda turizmin inkişafına ölkə rəhbərliyi tərəfindən xüsusi diqqət ayrıldığını diqqətə çatdırmışdır.

Əslən Pakistan İslam Respublikası vətəndaşı olan Ə.Əhməd Pakistan-Azərbaycan ikitərəfli əlaqələrinə toxunmuş və dövlətlərimiz və xalqlarımız arasında mövcud olan dostluq və qardaşlıq bağlarını qeyd etmişdir.

Baş konsul C.Hüseynov bu əlaqələrin yüksələn xəttlə inkişaf etdiyini və Azərbaycanın Pakistanla əlaqələrin bütün sahələr üzrə inkişaf etdirilməsində maraqlı olduğunu bildirmişdir. O, fürsətdən istifadə edərək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair tutduğu ədalətli mövqeyə görə Pakistan İslam Respublikasına təşəkkürünü ifadə etmişdir.

Öz növbəsində C.Hüseynov BƏƏ KİV-i ilə əməkdaşlığa hər zaman hazır olduğunu qeyd etmişdir.

Arxiv üzrə axtarış