2018-03-07

Azərbaycan Respublikasının Dubay və Şimal Əmirliklərindəki baş konsulu Cavidan Hüseynov Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Dubay Ofisinin direktoru Əbdürrəhman Ğanim Əl-Muteyvaya konsul patentini təqdim etdi.

Baş konsul Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlərə böyük önəm verdiyini söyləyib. Ölkələrimiz arasında səmimi dostluq münasibətlərinin mövcud olduğunu qeyd edən C.Hüseynov ikitərəfli əlaqələrin səviyyəsinin yüksək olduğunu və son illər ərzində daha da sürətlə inkişaf etdiyini bildirib. İstər Azərbaycandan BƏƏ-yə, istərsə də BƏƏ-dən Azərbaycana səfər edənlərin sayında artımın müsbət hal olduğunu qeyd edən baş konsul ölkələrimiz arasında turizm sahəsində əməkdaşlığın geniş potensialının mövcudluğunu qeyd edib.

Əbdürrəhman Ğanim Əl-Muteyva baş konsulu yeni təyinatı münasibətilə təbrik edib və fəaliyyəti müddətində ona uğurlar arzulayıb. İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın mövcud olduğunu bildirən Əl-Muteyva bu əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini qeyd edib. Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Dubay Ofisinin direktoru hər iki ölkədən olan turistlərin sayında artım müşahidə olunduğunu vurğulayaraq, BƏƏ-nin ən nüfuzlu hava yolu şirkətlərindən biri olan “Etihad Airways” şirkətinin cari il martın 2-dən etibarən Əbu-Dabi-Bakı-Əbu-Dabi reysi üzrə yenidən uçuşlara başlamasının bunun məntiqi nəticələrindən biri olduğunu bildirib.

Turizm sahəsi də daxil olmaqla bir çox sahələrdə Azərbaycan və BƏƏ arasında münasibətlərin dinamik inkişafının ölkə rəhbərlərinin xüsusi iradəsi sayəsində mümkün olduğunu bildirən C.Hüseynov Azərbaycan Prezidenti İlham Əliyevin BƏƏ ilə iqtisadi, ticarət, mədəniyyət və digər sahələrdə əlaqələrin möhkəmləndirilməsinə və inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verdiyini vurğulayıb.

Dubay Ofisinin direktoru 1996-cı ildə Azərbaycanda səfərdə olduğunu xatırladaraq, həmin səfər çərçivəsində ümummilli lider Heydər Əliyev ilə keçirdiyi görüşün onda xoş təəssürat yaratdığını bildirib.

Baş konsul ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi altında ötən illər ərzində Azərbaycanın xeyli inkişaf etdiyini, paytaxt Bakının mənzərəsinin inanılmaz dərəcədə dəyişdiyini qeyd edib. O, ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi, həmçinin son illərdə qazanılan nailiyyətlərlə əyani şəkildə tanış olmaq məqsədilə Əl-Muteyvanı Azərbaycana səfərə dəvət edib.

 

Arxiv üzrə axtarış