Azərbaycanın Dubaydakı baş konsulu Pərviz İsmayılzadə Dubay Əmirliyinin Məskunlaşma və Əcnəbilərin İşləri üzrə Baş İdarəsinin baş direktoru general-mayor Məhəmməd Əhməd Əl Mərri ilə görüş keçirib.
Baş konsul Dubay Əmirliyində daimi qeydiyyatda olan və turist kimi səfər edən Azərbaycan vətəndaşları ilə bağlı hər hansı problem olub-olmamısını soruşub.
Məhəmməd Əhməd Əl Mərri BƏƏ-yə səfər edən Azərbaycan vətəndaşları ilə bağlı miqrasiya bölmələrinə heç bir narazılıq və şikayət daxil olmadığını, azərbaycanlı turistlər daxil olmaqla digər turistlər üçün də ən yüksək səviyyədə xidmət göstərməyə çalışdıqlarını bildirib.
Baş konsul son illər ərzində Azərbaycanda miqrasiya sahəsində aparılan islahatlar və dəyişikliklər, Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib, həmçinin turizm səfərləri və işgüzar əlaqələri təşviq etmək məqsədilə BƏƏ vətəndaşlarına Azərbaycanın bütün beynəlxalq statuslu hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsinin təmin edilməsini diqqətə çatdırıb. Pərviz İsmayılzadə Dubay şəhərinin təhlükəsizlik baxımından ən stabil turizm mərkəzlərindən biri olması, Dubay beynəlxalq hava limanının göstərdiyi yüksək səviyyəli təhlükəsizlik, sürətli keçid, smart qapılar vasitəsilə təqribən 15 saniyə ərzində keçidin başa çatması, yeni yaradılmış əməliyyat otağında daha keyfiyyətli və sürətli xidmət göstərilməsinə gətirib çıxaran sərnişinlərin pasportlarının öncədən yoxlanılması xidmətlərinin də müsbət təsir edən amillər olduğunu əlavə edib.