BAŞ KONSULLUQ

Hörmətli xanımlar və cənablar,

Azərbaycan Respublikasının Dubay və Şimal Əmirliklərindəki Baş konsulluğunun internet səhifəsinə xoş gəlmisiniz.

İnternet səhifəmiz  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2012-ci ilin 14 mart tarixli sərəncamı əsasında təsis edilmiş Baş konsulluğun ilk gündən etibarən fəaliyyətini əks etdirir. Həmçinin, səhifəmizdə Azərbaycan haqqında ümumi məlumat, Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat, il ərzində mərkəzin müvafiq təlimatlarına uyğun keçirilmiş tədbir, görüş və çap olunmuş məqalələr barədə yazılar, eyni zamanda viza və konsulluq məsələlərinə dair geniş məlumat yerləşdirilmişdir.

Müasir Azərbaycan – Birləşmiş Ərəb Əmirlikləri əlaqələri 1994-cü ilin 13 dekabr tarixində Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyev ilə BƏƏ-nin sabiq Prezidenti Şeyx Zayed bin Sultan bin Zayed Əl Nəhyanın ilk görüşlərinə təsadüf edir. Məhz həmin görüşdən sonra Azərbaycan ilə BƏƏ arasında ikitərəfli münasibətlər yüksələn xətt üzrə inkişaf etməyə başlamışdır.

Bugün Ulu öndərin müdrik siyasi kursunu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir. Belə ki, 2016-cı ilin 1-2 fevral tarixlərində İlham Əliyevin BƏƏ-yə rəsmi səfəri bu əlaqələrin daha da möhkəmlənməsində vacib rol oynayıb.

Qeyd etmək lazımdır ki, 2015-ci ilin 10 noyabr tarixindən etibarən BƏƏ vətəndaşlarının sadələşdirilmiş viza rejimindən istifadə etməklə Azərbaycan Respublikasının istənilən beynəlxalq aeroportundan viza əldə etmələri Azərbaycan və BƏƏ arasında ikitərəfli münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyinin ən bariz nümunəsidir.

İnternet səhifəmizin ziyarətçilərinin nəzərinə çatdırmaq istərdik ki, Dubay və Şimal Əmirliklərində daimi qeydiyyatda olan, təhsil alan, turist qismində səfər edən hər bir Azərbaycan vətəndaşı, eyni zamanda Azərbaycan ilə maraqlanan əcnəbi vətəndaşlar Baş konsulluq ilə telefon və email vasitəsi ilə əlaqə saxlaya bilərlər.

İnternet səhifəmizi ziyarət etdiyiniz üçün Sizlərə təşəkkürümü bildirirəm.

Hörmətlə,

Pərviz İsmayılzadə

Azərbaycan Respublikasının Dubay və Şimal Əmirliklərindəki Baş konsulu

 

 

Arxiv üzrə axtarış