Dubayda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyi və Dubaydakı Baş konsulluğunun birgə təşkilatçılığı ilə Dubay şəhərinin “Emirates Towers” otelində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
Ölkəmizin BƏƏ-dəki səfiri Elçin Bağırov və Dubaydakı baş konsulu Cavidan Hüseynov tədbirə gələn qonaqları - BƏƏ-nin ictimai-siyasi xadimlərini, hökumət nümayəndələrini, xarici ölkələrin diplomatik missiyalarının rəhbərlərini, diaspor təmsilçilərini salamlayıblar.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib.
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında müxtəlif dövlət vəzifələrində çalışmış Həsən Həsənov və Dilarə Seyidzadə Ulu Öndərlə bağlı xatirələrini bölüşüblər. Çıxışlarda vurğulanıb ki, dahi siyasətçi, müasir Azərbaycan dövlətinin banisi bütün fəaliyyəti boyu – həm sovet Azərbaycanına, həm də müstəqil dövlətimizə rəhbərliyi dövrlərində xalqımızın rifahı və gələcəyi naminə çalışıb. O, bu nəcib missiyanı Moskvada Sov.İKP Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olduğu illərdə də yerinə yetirib. Məhz bu səbəbdən Azərbaycan xalqı onun xatirəsini əziz tutur, onun zəngin siyasi irsini ölkənin işıqlı gələcəyini təmin edəcək bir amil kimi görür.
Natiqlər diqqətə çatdırıblar ki, Ulu Öndərin müdrik siyasi kursunun Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi sayəsində bu gün Azərbaycan Respublikası dünyanın ən sürətlə inkişaf edən nüfuzlu ölkələrindən biridir. Dövlətimizin başçısı Ümummilli Liderin vəsiyyətini yerinə yetirərək Azərbaycanın 30 ilə yaxın işğal altında qalmış ərazilərini azad edib, ölkəmizin ərazi bütövlüyü təmin olunub. \
Sonda tədbir qonaqlara ziyafət təşkil olunmuşdur.