2019-05-06

BƏƏ-nin Dubay şəhərində 28 May Respublika Günü və Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyi ilə əlaqədar rəsmi qəbul mərasimi keçirilib.

29 aprel 2019-cu il tarixində Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki Baş Konsulluğu tərəfindən 28 may Respublika günü və Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaradılmasının 100 illik yubileyi münasibəti ilə Baş Konsulluğun inzibati binasında diplomatik qəbul mərasimi təşkil olunmuşdur.

Tədbirə baş qonaq qismində Birləşmiş Ərəb Əmirliklərinin süni intellekt üzrə dövlət naziri Ömər bin Sultan Əl-Uləma qatılmışdır. Tədbirdə, həmçinin BƏƏ-nin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Dubay Ofisinin baş direktoru Əbdürrəhman Ğanim Əl-Muteyva, BƏƏ-də akkreditə olunmuş diplomatik və konsulluq korpuslarının rəhbərləri, diplomatlar, yerli dövlət orqanlarının təmsilçiləri, iş adamları, KİV nümayəndələri, BƏƏ-də yaşayan Azərbaycan icmasının üzvləri, Azərbaycan Hava Yollarının və ARDNŞ-nin Dubaydakı nümayəndələri və digər qonaqlar iştirak etmişlər.

Tədbirin rəsmi hissəsi bitdikdən sonra azərbaycanlı incəsənət xadiminin ifasında Azərbaycan milli musiqiləri səsləndirilmiş, tədbir iştirakçılarının şərəfinə ziyafət təşkil olunmuşdur.

Tədbir boyunca Azərbayacan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyi ilə bağlı foto slayd, həmçinin Azərbaycanın tarixi məkanları, təbiəti, görməli yerləri və milli mətbəxi ilə bağlı video-çarx nümayiş etdirilmişdir. 

Tədbir məkanında Azərbaycanın milli musiqisi, incəsənəti, tarixi və adət-ənənələrinin təbliği üçün müxtəlif kitablar, broşürlər, rəsmlər, xalçalar, milli musiqi alətləri və s. sərgi şəklində nümayiş etdirilmişdir.

 

Arxiv üzrə axtarış