Baş konsul Cavidan Hüseynov Dubay Protokol Departamentinin Baş direktoru Xəlifə Səid Süleyman ilə görüşüb.
16 yanvar 2019-cu il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının baş konsulu Cavidan Hüseynov Dubay Protokol Departamentinin Baş direktoru Xəlifə Səid Süleyman ilə görüşmüşdür.
Baş konsul C.Hüseynov səmimi qəbula görə X.Süleymana təşəkkürünü bildirmişdir. C.Hüseynov, fürsətdən istifadə edərək, ötən il ərzində Dubay Protokol Departamenti tərəfindən göstərilmiş səmimi əməkdaşlığa görə X.Süleymana dərin təşəkkürünü ifadə etmişdir.
Baş konsul C.Hüseynov Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələri inkişafına və dərinləşməsinə böyük əhəmiyyət verdiyini bildirmiş, ikitərəfli əlaqələrimizin hazırkı səviyyəyə çatmasında dövlət başçılarımızın siyasi iradəsi və dostluq münasibətlərinin, eləcə də həyata keçirilmiş yüksək səviyyəli səfərlərin həlledici rolunu vurğulamışdır.
Öz növbəsində, X.Süleyman Baş Konsulluqla əməkdaşlıqdan hər zaman məmnunluq duyduğunu söyləyərək, BƏƏ ilə Azərbaycan arasında əlaqələrin qarşılıqlı hörmət və dostluğa əsaslandığını demişdir. X.Süleyman ikitərəfli əlaqələrdə müsbət dinamikanın müşahidə olunması və əməkdaşlığın davamlı olaraq genişlənməsinin sevindirici hal olduğunu bildirmişdir.
Baş konsul C.Hüseynov BƏƏ ilə iqtisadiyyat, ticarət, turizm, mədəniyyət və digər sahələrdə əlaqələrin möhkəmləndirilməsi və inkişaf etdirilməsinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqətində olduğunu qeyd etmişdir.
Səmimi şəraitdə keçən görüşdə qarşılıqlı maraq kəsb edən müxtəlif məsələlər müzakirə edilmişdir.