2019-01-08

7 yanvar 2019-cu il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının baş konsulu Cavidan Hüseynov Dubay Hökmdarı Divanının (Administrasiyasının) baş direktoru Məhəmməd İbrahim Əl-Şeybani ilə görüşmüşdür.

Görüş zamanı baş konsul C.Hüseynov Azərbaycan Respublikası ilə BƏƏ arasında əlaqələrin tarixi, dini və mədəni köklərə dayandığını diqqətə çatdıraraq, Dubay Əmirliyi ilə münasibətlərin yüksələn xətlə inkişaf etdiyini vurğulamışdır. Hər iki ölkə rəhbərliyinin bu əlaqələrin qurulması və möhkəmləndirilməsində rolunu qeyd edən baş konsul Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev və Birləşmiş Ərəb Əmirlikləri Dövlətinin Prezidenti Zati-aliləri cənab Xəlifə bin Zayed Əl Nəhyanın rəhbərliyi altında sözügedən əlaqələrin uğurla və dinamik şəkildə inkişaf etdiyini diqqətə çatdırmışdır.

Öz növbəsində M.Şeyban iki ölkə arasında müxtəlif sahələrdə dinamik şəkildə inkişaf edən əməkdaşlığın mövcud olduğunu bildirərək, daha öncə bir neçə dəfə Azərbaycana səfər etdiyini və bu səfərlərin onda xoş və dərin təəssürat oyatdığını diqqətə çatdırmışdır. M.Şeybani təhlükəsizlik, halal ərzaq məhsulları, əlverişli iqlim və məsafənin yaxınlığı kimi üstünlüklərə sahib olması səbəbindən hazırda Azərbaycanın ərəb turistlərin əsas səyahət məkanlarından biri olduğunu söyləmişdir. Daha sonra o Azərbaycan ilə BƏƏ arasında hava uçuşları ilə maraqlanmışdır.

Baş konsul C.Hüseynov hazırda “Azərbaycan Hava Yolları – AZAL”, “Etihad Airways”, “Fly Dubai” və “Air Arabia” şirkətlərinin ölkələrimiz arasında birbaşa uçuşlar həyata keçirdiyini bildirmiş, statistik göstəricilərə əsasən, ərəb ölkələri arasında Azərbaycana ən çox səfər edən turistlərin BƏƏ-dən olduğunu qeyd etmişdir.

Arxiv üzrə axtarış