2018-12-24

Baş konsul Cavidan Hüseynov Dubay Əmirliyinin Məskunlaşma və Əcnəbilərin İşləri üzrə Baş İdarəsinin Baş direktoru general-mayor Məhəmməd Əhməd Əl-Mərri ilə görüşüb.

24 dekabr 2018-ci il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının baş konsulu Cavidan Hüseynov Dubay Əmirliyinin Məskunlaşma və Əcnəbilərin İşləri üzrə Baş İdarəsinin Baş direktoru general-mayor Məhəmməd Əhməd Əl-Mərri ilə görüşmüşdür.

Görüşdə cari ilin yekunları və il ərzində miqrasiya sahəsində əldə olunmuş nəticələr müzakirə edilmiş, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri, xüsusilə Dubay Əmirliyi arasında miqrasiya sahəsində əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır.

Baş konsul Cavidan Hüseynov ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən miqrasiya sahəsində qarşılıqlı faydalı əməkdaşlığın mövcud olduğunu bildirərək, bu əməkdaşlığın cari il ərzində uğurla davam etdirildiyini və daha da möhkəmləndirildiyini diqqətə çatdırmışdır.

O, Azərbaycan tərəfindən viza rejiminin sadələşdirilməsi istiqamətində atılmış ən son addımlar və sözügedən dəyişikliklərdən sonra Azərbaycana səfər edən şəxslərin sayında müşahidə olunan artım barədə danışmışdır. Baş konsul qeyd etmişdir ki, 26 iyul 2018-ci il tarixindən etibarən BƏƏ rezidenti olan şəxslər üçün vizaların hava limanlarında rəsmiləşdirilməsinə başlanılmışdır. Hazırda BƏƏ rezidentləri asanlıqla Azərbaycana səfər edə və ölkəmizə olan turist vizalarını Bakı, eləcə də Azərbaycanın digər bölgələrində yerləşən beynəlxalq statuslu hava limanlarından əldə edə bilərlər.

Öz növbəsində baş direktor M.Əl-Mərri BƏƏ ilə Azərbaycan arasında sıx əlaqələrin mövcud olduğunu və son illər ərzində bu əlaqələrin daha geniş şəkildə təşəkkül tapdığını vurğulamışdır. O, viza rejiminin sadələşdirilməsi istiqamətində Azərbaycan tərəfindən atılmış addımların təqdirəlayiq olduğunu bildirərək, bunun iki ölkə arasında turizm əlaqələrinin inkişafına mühüm töhfə olduğunu ifadə etmişdir. O, hazırda Azərbaycanın BƏƏ-dən olan turistlərin əsas səyahət istiqamətlərindən birinə çevrildiyini bildirmişdir. 

Görüşün sonunda baş konsul Cavidan Hüseynov səmimi qəbula görə general Məhəmməd Əhməd Əl-Mərriyə təşəkkürünü bildirmiş və onu Azərbaycan Respublikasına səfərə dəvət etmişdir.

Arxiv üzrə axtarış