18 noyabr 2018-ci il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Beynəlxalq Cinayət Polisi Təşkilatı – İnterpolun Baş Assambleyasının 87-ci sessiyasının açılış mərasimi baş tutmuşdur.
Açılış mərasimində BƏƏ-nin vitse-prezidenti, Baş naziri, Dubayın hökmdarı Şeyx Məhəmməd bin Raşid Əl Məktum, BƏƏ-nin Baş nazirinin müavini, daxili işlər naziri Şeyx Seyf bin Zayed Əl Nəhyan, İnterpolun birinci vitse-prezidenti Kim Çon Yan, İnterpolun Baş katibi Yürgen Stok, həmçinin üzv dövlətlərin daxili işlər nazirləri, polis rəisləri, İnterpolun milli mərkəzi bürolarının rəhbərləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, diplomatlar, mütəxəssislər və digərləri iştirak etmişdir.
Tədbirdə ölkəmizi Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi general-mayor Mehman Təhməzovun başçılıq etdiyi nümayəndə heyəti təmsil etmişdir. Azərbaycan Respublikasının Dubaydakı Baş Konsulluğunun nümayəndəsi tədbirdə iştirak etmişdir.
Tədbir çərçivəsində, Vanuatu, Kribati və Kosovonun İnterpola üzvlüyü məsələsi üçün səsvermə, eləcə də təşkilatın prezidenti və digər vəzifələrə seçkilər keçiriləcəkdir.