2018-10-25

Baş konsul Cavidan Hüseynov BƏƏ-nin daşınmaz əmlak bazarı sahəsində fəaliyyət göstərən ən nüfuzlu şirkətlərindən biri olan “Nakheel Properties” şirkətinin rəhbəri Əli Raşid Əhməd Lutah ilə görüşüb.

Bildiririk ki, 24 oktyabr 2018-ci il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının Baş konsulu Cavidan Hüseynov BƏƏ-nin daşınmaz əmlak bazarı sahəsində fəaliyyət göstərən ən nüfuzlu şirkətlərindən biri olan “Nakheel Properties” şirkətinin rəhbəri Əli Raşid Əhməd Lutah ilə görüşmüşdür.

Baş konsul C.Hüseynovu salamlayan Ə.Lutah BƏƏ ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin yüksək olduğunu bildirmişdir.

Səmimi qəbula görə təşəkkürünü bildirən baş konsul C.Hüseynov Azərbaycanın BƏƏ ilə münasibətlərin inkişafına böyük önəm verdiyini qeyd etmişdir. O, hər iki ölkə arasında müxtəlif sahələrdə sıx əməkdaşlıq olduğunu və bu əməkdaşlığın dinamik şəkildə inkişaf etdiyini diqqətə çatdırmışdır. C.Hüseynov dövlət başçılarının siyasi iradəsi sayəsində son illər siyasi, iqtisadi və mədəni sahələrdə böyük tərəqqi və inkişaf müşahidə olunduğunu vurğulamışdır.

Ölkələrimiz arasında əlaqələrin genişlənməsinin sevindirici hal olduğunu bildirən Ə.Lutah Azərbaycan ilə BƏƏ arasında ticarət dövriyyəsinin həcmi, habelə Azərbaycandan BƏƏ-yə ixrac olunan məhsullar ilə maraqlanmışdır.

C.Hüseynov ötən il iki ölkə arasında ticarət dövriyyəsinin 221 milyon ABŞ dolları olduğunu bildirmişdir. O, əlavə etmişdir ki, Azərbaycandan BƏƏ-yə ərzaq məhsulları, meyvə, tərəvəz, çərəz, avtomobil hissələri və daxili yanma mühərrikləri ixrac edilir. C.Hüseynov, Azərbaycanda yetişdirilən meyvə və tərəvəzlərin ümumilikdə BƏƏ-nin, o cümlədən Dubayın geniş alıcı kütləsinə malik bazarlarında satışa çıxarılığını qeyd etmişdir.

Ə.Lutah BƏƏ bazarlarında keyfiyyət, ekoloji təmizlik və dadına görə fərqlənən Azərbaycan meyvə və tərəvəzlərinə böyük tələbat ola biləcəyini bildirmişdir. O,  meyvə-tərəvəz məhsullarının tez xarab ola bilmə xüsusiyyətini və Latın Amerikası, yaxud Avropa ölkələri ilə müqayisədə Azərbaycanla BƏƏ arasında məsafənin yaxınlığını nəzərə alaraq, bu kimi məhsullarının məhz Azərbaycandan BƏƏ-yə ixrac ixrac edilməsinin daha faydalı olacağı qənaətində olduğunu ifadə etmişdir. O, həmçinin iki ölkə arasında turizm sahəsində mövcud olan münasibətlərə toxunaraq, sözügedən sahədə turizm ofislərinin fəaliyyət göstərməsinin əhəmiyyətli təşviq mexanizmi olduğunu diqqətə çatdırmışdır.

Öz növbəsində C.Hüseynov cari ilin sonunda iki ölkə arasında ticarətin təşviqi məqsədilə Dubayda Azərbaycanın ticarət ofisinin rəsmi açılış mərasiminin baş tutacağını bildirmişdir. O, bu addımın Azərbaycan məhsul və mallarının BƏƏ-də təşviqinə, habelə iki ölkə arasında ikitərəfli ticarəti genişləndirməyə yönəldiyini qeyd etmişdir. C.Hüseynov, həmçinin son illərdə BƏƏ-dən Azərbaycana səfər edən turistlərin sayında müşahidə olunan artım barədə danışmışdır. O qeyd etmişdir ki, vizaların əldə edilməsi prosedurlarının sadələşdirilməsindən sonra turist sayında ikiqat artım qeydə alınmışdır. Baş konsul, həmçinin Azərbaycan Hava Yolları – AZAL”, “Etihad Airways”, “Fly Dubai” və “Air Arabia” şirkətlərinin ölkələrimiz arasında birbaşa uçuşlar həyata keçirdiyini, Əbu Dabi, Dubay və Şarcadan Bakıya birbaşa uçuşların sayı həftəlik 30-a çatdığını vurğulamışdır.

Baş konsul C.Hüseynov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, Azərbaycan Respublikasının 20 faiz torpaqlarının hələ də işğal altında olması və münaqişənin mövcud vəziyyəti ilə bağlı məlumat vermişdir.

Qarşılıqlı maraq kəsb edən məsələlərin müzakirə olunduğu görüşdə Azərbaycanın iqtisadi inkişafı, turizm əhəmiyyətli bölgələri, tarixi və s. kimi mövzularda qarşı tərəfi maraqlandıran suallar cavablandırılmışdır.

Arxiv üzrə axtarış