“Azərbaycan Milli Mətbəxi Günü” adlı tədbir Dubay şəhərində keçirildi
21 oktyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki Səfirliyi, Azərbaycan Respublikasının Dubaydakı Baş Konsulluğu və Dubay şəhərində fəaliyyət göstərən “Baku Cafe” restoranının təşkilatçılığı ilə “Azərbaycan Milli Mətbəxi Günü” adlı tədbir təşkil edilmişdir.
Tədbirdə BƏƏ-də akkreditə olunmuş diplomatik korpus və konsulluq korpusunun rəhbərləri, nümayəndələri, yerli dövlət orqanlarının təmsilçiləri, KİV nümayəndələri, Azərbaycan diasporunun nümayəndələri və digər qonaqlar iştirak etmişlər.
Tədbirin keçirilməsində əsas məqsəd maddi mədəniyyətimizin bir parçası olan milli mətbəx nümunələrimizi tanıtmaq və təbliğ etmək olmuşdur. Açılış mərasimindən sonra süfrəyə Azərbaycan mətbəxinin nümunələri olan milli yeməklər, o cümlədən plov, ləvəngi, dolma, kabab, həmçinin müxtəlif milli şirniyyatlar və digər ləzzətli yeməklər düzülmüşdür.
Öz tarixi kökləri və özünəməxsusluğu ilə seçilən Azərbaycan kulinariyasının nümunələri tədbir iştirakçılarında böyük maraq oyatmış və onlar tədbirin təşkilinə görə təşkilatçılara dərin təşəkkürlərini bildirmişlər.