26 sentyabr 2018-ci il tarixində Baş konsul Cavidan Hüseynov BƏƏ Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Şarca Ofisinin rəhbəri ilə görüşüb.
26 sentyabr 2018-ci il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının baş konsulu Cavidan Hüseynov Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Şarca Əmirliyindəki Ofisinin rəhbəri Şeyx Əbdürrəhman bin Məhəmməd Əş-Şamisi ilə görüşmüşdür.
Səmimi qəbula görə təşəkkürünü bildirən baş konsul C.Hüseynov görüşün tanışlıq məqsədi daşıdığını bildirmişdir. Baş konsul C.Hüseynov Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlərə böyük önəm verdiyini və ölkələrimiz arasında səmimi dostluq və qardaşlıq münasibətlərinin olduğunu həmsöhbətinin diqqətinə çatdırmışdır.
Ə.Əş-Şamisi baş konsul C.Hüseynovu salamlayaraq, yeni təyinatı münasibətilə onu təbrik etmiş və fəaliyyət müddəti ərzində ona uğurlar arzulamışdır. Ə.Əş-Şamisi iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın mövcud olduğunu bildirmiş və birgə səylər vasitəsilə bu əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini ifadə etmişdir.
Baş konsul C.Hüseynov BƏƏ-nin Ali Federal Şurasının üzvü, Şarca Əmirliyinin hökmdarı Şeyx Sultan bin Məhəmməd Əl-Qasiminin rəhbərliyi altında Şarca Əmirliyində aparılan işlər, habelə təhsil, iş, məskunlaşma və digər sahələri əhatə etməklə əcnəbilər üçün yaradılmış əlverişli mühitə toxunmuşdur. O, bunun bütün əcnəbilər, o cümlədən Azərbaycan vətəndaşları tərəfindən yüksək qiymətləndirildiyini və azərbaycanlıların Şarca Əmirliyində kompakt şəkildə yaşamasının əsas səbəblərindən biri olduğunu bildirmişdir.
Öz növbəsində, Ə.Əş-Şamisi son illərdə BƏƏ-dən Azərbaycana müşahidə edilən turist axınına diqqət çəkərək, Azərbaycan xalqının qonaqpərvərliyi, ölkənin əlverişli iqlimi və turistlərin rahatlığı üçün yaradılan şərait, habelə BƏƏ vətəndaşlarına göstərilən diqqət və qayğıdan, eləcə də viza rejiminin sadələşdirilməsi istiqamətində atılan addımlardan danışmış, fürsətdən istifadə edərək, bütün görülən işlərə görə ölkə rəhbərliyinə dərin minnətdarlığını ifadə etmişdir.
C.Hüseynov Azərbaycana səfər edən bütün turistlərə, xüsusən ərəb ölkələrindən olan turistlərə lazımi xidmət və qayğının göstərilməsi məsələsinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzində olduğunu qeyd etmişdir.
Görüş zamanı baş konsul C.Hüseynov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunmuş və torpaqlarımızın 20 faizinin hələ də düşmən tapdağı altında olduğunu diqqətə çatmışdır. O, Azərbaycanın işğal olunmuş ərazilərində aparılan qeyri-qanuni iqtisadi fəaliyyət barədə məlumat vermişdir. C.Hüseynov fürsətdən istifadə edərək, erməni hərbi birləşmələrinin zabit və əsgərləri tərəfindən törədilmiş Xocalı soyqırımı ilə bağlı məlumatları özündə əks etdirən kitabı həmsöhbətinə təqdim etmiş və Xocalı faciəsi zamanı 613 müsəlmanın qətlə yetirildiyini, gühansız insanlara, hətta qadınlara, uşaqlara və yaşlılara belə rəhm edilmədiyini diqqətə çatdırmışdır.
Ə.Əş-Şamisi BƏƏ-nin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlığı Təşkilatı çərçivəsində müxtəlif sənədlərin qəbulu zamanı dəstək nümayiş etdirdiyini bildirmişdir. O, Azərbaycanın işğal olunmuş ərazilərində aparılan qeyri-qanuni iqtisadi fəaliyyət nəticəsində əldə olunan məhsulların BƏƏ-yə idxalına imkan vermədiklərini və bu mövqeyin bundan sonra da davam edəcəyini söyləmişdir.
Səmimi şəraitdə keçən görüşdə qarşılıqlı maraq kəsb edən müxtəlif məsələlər müzakirə edilmişdir.