Baş konsul Cavidan Hüseynov Dubay Polisinin Baş komandanı general-mayor Abdullah Xəlifə Əl-Mərri ilə görüş keçirmişdir.
3 aprel 2018-ci il tarixində Azərbaycan Respublikasının Dubay və Şimal Əmirliklərindəki Baş konsulu Cavidan Hüseynov Dubay Polisinin Baş komandanı general-mayor Abdullah Xəlifə Əl-Mərri ilə görüş keçirmişdir.
Dubay Polisinin Baş komandanı A.Əl-Mərri yeni təyinatı münasibəti ilə C.Hüseynovu təbrik etmiş və fəaliyyət müddəti ərzində ona uğurlar arzulamışdır.
Səmimi şəraitində keçən görüşdə Baş konsul C.Hüseynov Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında mövcud olan sıx dostluq və əməkdaşlıq əlaqələrindən söz açmışdır. Ölkə rəhbərliklərinin bu əlaqələrin qurulması və möhkəmləndirilməsindəki rolunu qeyd edən C.Hüseynov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birləşmiş Ərəb Əmirlikləri Dövlətinin Prezidenti cənab Xəlifə bin Zayed Əl Nəhyanın rəhbərliyi altında sözügedən əlaqələrin uğurla və dinamik şəkildə inkişaf etdiyini diqqətə çatdırmışdır.
Öz növbəsində, ölkələrimiz arasında ikitərəfli əlaqələrin səviyyəsinin məmnunluq doğurduğunu ifadə edən A.Əl-Mərri bu əlaqələrin gündən-günə daha da inkişaf etdiyini bildirmiş və mövcud olan möhkəm münasibətlərin hər iki ölkə rəhbərliyinin xüsusi diqqət və əzmi sayəsində baş tutduğunu qeyd etmişdir.
C.Hüseynov iki ölkənin hüquq-mühafizə orqanları arasında əməkdaşlığın möhkəmləndirilməsinin zəruriliyini qeyd edərək, A.Əl-Mərrinin münasib bir vaxtda Azərbaycana səfər etməsinin bu işə mühüm töhfə verəcəyini diqqətə çatdırmışdır.
Öz növbəsində, Dubay Polisi ilə Azərbaycan Respublikasının Baş Konsulluğu arasında əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə inamını ifadə edən A.Əl-Mərri Dubayda yaşayan və ya səfərdə olan şəxslərin təhlükəsizliyinin ən yüksək şəkildə təmini üçün Dubay Polisinin digər müvafiq dövlət qurumları ilə koordinasiyalı şəkildə hərəkət etdiyini bildirmişdir.
Səmimi və dostluq şəraitində keçən görüşün sonunda Baş konsul C.Hüseynov A.Əl-Mərriyə qəbula görə təşəkkürünü bildirmişdir.