2016-ci ilin 13 noyabr tarixində Azərbaycan Respublikasının Dubay və Şimal Əmirliklərindəki Baş konsulu Pərviz İsmayılzadə Əcman Polis Baş komandanı general-briqadir Şeyx Sultan bin Abdullah Əl-Nueymi ilə görüş keçirib.
Səmimi salamlaşmadan sonra, Baş konsul qəbul üçün minnətdarlığını bildirərək, Azərbaycan-BƏƏ ikitərəfli münasibətləri haqqında ümumi məlumat vermiş, daha sonra sözügedən münasibətlərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və BƏƏ-nin Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Raşid Əl Məktumun sonuncu səfərlərindən sonra yeni mərhələyə qədəm qoyduğunu vurğulayıb.
Öz növbəsində, Şeyx Sultan Baş konsul ilə görüşməkdən məmnunluğunu ifadə edərək, qardaş Azərbaycan ilə münasibətlərin böyük potensialının, dinamik inkişafının sevindirici hal olduğunu bildirib.
Görüşdə həmçinin Əcman Əmirliyində yaşayan Azərbaycan vətəndaşlarının hüquqi müstəvidə üzləşdikləri problemlərin həlli ilə bağlı fikir mübadiləsi aparılıb. P.İsmayılzadə soydaşlarımızın hüquqlarının qorunması və bərpası istiqamətində Əcman polisinin səmərəli fəaliyyətini yüksək qiymətləndirilib.
Baş konsul həmçinin qeyd etmişdir ki, 2015-ci ilin 10 noyabr tarixindən etibarən Azərbaycan Respublikasının Prezidenti BƏƏ vətəndaşları üçün sadələşdirilmiş viza rejiminin tətbiq edilməsi haqqında göstərişindən sonra, Əmirlik vətəndaşlarının turist qismində Azərbaycana səfərlərinin sayında nəzərəçarpacaq sıçrayış qeydə alınıb. P.İsmayılzadə iqtisadi, ticari, nəqliyyat, energetika, sərmayə qoyuluşu, turizm və s. sahələrdə mövcud əməkdaşlığın inkişaf etdirilməsində hər iki tərəfin maraqlı olduğunu diqqətə çatdırıb.
Daha sonra, Şeyx Sultan Əcman Əmirliyində yaşayan Azərbaycan vətəndaşlarının yüksək hüquqi mədəniyyətə sahib olduqlarını xüsusi vurğulayıb və Azərbaycan vətəndaşlarının üzləşdikləri çətinliklərin aradan qaldırılması üçün Baş konsulluq ilə əməkdaşlıq etməyə hazır olduqlarını bildirib.
Daha sonra Baş konsul hüquq-mühafizə orqanları arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinin vacibliyi vurğulayaraq, Əcman Polis Baş komandanını münasib bir vaxtda Azərbaycan Respublikasına rəsmi səfərə dəvət edib.