2016-09-22

2016-cı ilin 20 sentyabr tarixində Baş konsul Pərviz İsmayılzadə Dubay Əmirliyinin Məskunlaşma və Əcnəbilərin İşləri üzrə Baş İdarəsinin Baş direktoru general-mayor Məhəmməd Əhməd Əl Mərri ilə görüş keçirmişdir.

Görüş zamanı Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri, xüsusilə Dubay Əmirliyi arasında miqrasiya sahəsində əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır. Baş konsul həmsöhbətinə son illər ərzində respublikamızda miqrasiya sahəsində aparılan islahatlar və dəyişikliklər, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat vermişdir. P.İsmayılzadə həmçinin, Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni istifadəyə verilmiş Aerovağzal kompleksi barədə məlumat vermiş, Azərbaycan tərəfinin Dubay Əmirliyinin miqrasiya sahəsindəki  qabaqcıl təcrübəsinin öyrənilməsində və bu sahədə həyata keçirilən elektron xidmətlərin, xüsusilə viza-onlayn və həmçinin hava limanlarında göz skaneri və elektron keçid sistemlərinin ölkəmizdə tətbiq olunmasında maraqlı olduğunu bildirmişdir. Öz növbəsində, M. Əl Mərri sözügedən sistemlərin Azərbaycanda tətbiq olunması istiqamətində münasib şərtlərlə istənilən köməkliyin göstərilməsinə hazır olduğunu bildirmişdir. Daha sonra, müəyyən müddət öncə müzakirə edilmiş AR Dövlət Miqrasiya Xidmətinin rəisi cənab Firudin Nəbiyevin Dubay Əmirliyinə rəsmi səfərinin tarixləri müəyyənləşdirilmiş və bu barədə Dubay tərəfindən rəsmi məktub alınmışdır. Belə ki, Dubay Əmirliyinin Məskunlaşma və Əcnəbilərin İşləri üzrə Baş İdarəsinin Baş direktoru general-mayor Məhəmməd Əhməd Əl Mərri 2016-cı ilin 18-20 oktyabr tarixlərində AR Dövlət Miqrasiya Xidmətinin rəisi cənab Firudin Nəbiyevi rəsmi səfərə dəvət etmişdir.

Arxiv üzrə axtarış