2020-02-10
Fuad Muradov Dubayda yaşayan azərbaycanlılarla görüşdü

08 fevral 2020-ci il tarixində Azərbaycan Respublikasının Dubaydakı Baş Konsulluğu və Azərbaycan Respublikası Diasporalarla İş Üzrə Dövlət Komitəsi birgə tədbir təşkil etmişdir. Tədbirin keçirilməsində məqsəd Birləşmiş Ərəb Əmirliklərində yaşayan azərbaycanlıların diaspora fəaliyyətinin təşkil olunması və bu istiqamətdə görüləcək işlər olmuşdur. Sözügedən tədbirdə Azərbaycan Respublikası Diasporalarla İş Üzrə Dövlət Komitəsinin sədri cənab Fuad Muradov və Azərbaycan Respublikasının Dubaydakı Baş Konsulu cənab Cavidan Hüseynov iştirak etmişdir. Azərbaycan Respublikası Diasporalarla İş Üzrə Dövlət Komitəsinin sədri cənab Fuad Muradov həmvətənlərimizi salamladıqdan sonra rəhbərlik etdiyi komitə tərəfindən görülmüş və görüləcək işlər barəsində geniş nitq söyləmişdir. Bundan sonra vətəndaşların rəy və təklifləri dinlənilmiş, geniş müzakirələr aparılmışdır. Çıxış edən vətəndaşlar bu cür tədbirin keçirilməsinin təqdirəlayiq hal olduğunu bildirmiş və belə görüşlərin keçirilməsinin təşkilatlanmaq baxımından çox faydalı olduğunu qeyd etmişdirlər. Vətəndaşların üzləşdikləri problemlərə dair ünvanladıqları suallara Baş konsul Cavidan Hüseynov geniş şəkildə izahat vermiş və problemlərin həlli yolları barədə vətəndaşları məlumatlandırmışdır.

əvvəlki xəbər