2019-02-06
Baş konsul Cavidan Hüseynov Banqladeş Xalq Respublikasının Dubay şəhərindəki yeni baş konsulu ilə görüşüb.

4 fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının Dubay şəhərindəki baş konsulu Cavidan Hüseynov Banqladeş Xalq Respublikasının Dubay şəhərində yeni təyin olunmuş baş konsulu İqbal Hüseyn Xanı onun xahişi ilə Baş Konsulluqda qəbul etmişdir.  

Baş konsul C.Hüseynov İ.H.Xanı salamlayaraq, yeni təyinatı münasibəti ilə onu təbrik etmiş və fəaliyyət müddəti ərzində uğurlar arzulamışdır.

Görüşdə BƏƏ-də yaşayan hər iki ölkə vətəndaşları barədə fikir mübadiləsi aparılmışdır. İ.Xan BƏƏ-də, təxminən, 500 min nəfərlik Banqladeş icmasının mövcud olduğunu bildirmişdir. Öz növbəsində, C.Hüseynov BƏƏ-dəki Azərbaycan icmasının sayının, təxminən, 7 min nəfərə çatdığını ifadə etmişdir.

Daha sonra İ.Xan Azərbaycan ilə BƏƏ arasında mövcud olan viza rejimi ilə maraqlanmışdır. Baş konsul C.Hüseynov BƏƏ vətəndaşlarının Azərbaycan Respublikasına turist vizalarını həm elektron qaydada, həm də Azərbaycan Respublikasının hava limanlarında əldə etməsinin mümkün olduğunu, habelə 2018-ci ilin iyul ayından etibarən BƏƏ rezidenti olan şəxslərin Azərbaycana turist vizalarını hava limanlarından əldə edə bildiyini qarşı tərəfin diqqətinə çatdırmışdır.

Daha sonra baş konsul İ.Xan Myanmada baş vermiş kütləvi qarşıdurmalar və Banqladeşə sığınan Rohingya müsəlmanları barədə danışmışdır. Baş konsul qeyd etmişdir ki, hazırda Banqladeşdə rohingyalı qaçqınlar üçün 1 milyon nəfərlik sığınacaq yaradılmışdır.

Öz növbəsində, baş konsul C.Hüseynov Rohingyada yaşanan böhranın narahatlıq doğurduğunu və Azərbaycanın Banqladeşin məsuliyyətinin çətinliyini yaxşı dərk etdiyini bildirmişdir. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verərək, Ermənistan tərəfindən aparılmış etnik təmizləmə siyasəti və Ermənistan hərbi qüvvələrinin ölkəmizə hərbi təcavüz nəticəsində, təxminən, 1 milyona yaxın müsəlman azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, Azərbaycanın da Banqladeş kimi yüz minlərlə qaçqın və məcburi köçkünün yerləşdirilməsi təcrübəsini yaşadığını bildirmişdir. C.Hüseynov fürsətdən istifadə edərək, erməni hərbi birləşmələrinin zabit və əsgərləri tərəfindən törədilmiş Xocalı soyqırımı ilə bağlı İ.Xanı məlumatlandırmış və Xocalı faciəsi zamanı 613 müsəlmanın qətlə yetirildiyini, gühansız insanlara, hətta qadınlara, uşaqlara və yaşlılara belə rəhm edilmədiyini diqqətə çatdırmışdır.

 

növbəti xəbər əvvəlki xəbər