2018-11-01
29 oktyabr 2018-ci il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) 20-ci Səlahiyyətli Konfransının açılış mərasimi keçirilib.

Bildiririk ki, 29 oktyabr 2018-ci il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) 20-ci Səlahiyyətli Konfransının açılış mərasimi baş tutmuşdur.

Açılış mərasimində BƏƏ-nin vitse-prezidenti, Baş naziri, Dubayın hökmdarı Şeyx Məhəmməd bin Raşid Əl Məktum, Dubay hökmdarının müavini Şeyx Məktum bin Məhəmməd bin Raşid Əl Məktum, BTİ-nin Baş katibi Hulin Zao, Əfqanıstan İslam Respublikasının icra heyətinin sədri Abdullah Abdullah, BƏƏ-nin Telekommunikasiya Sektorunun Tənzimlənməsi Qurumunun idarə heyətinin sədri Talal Belhoul Əl-Fəlasi, ittifaqa üzv dövlətlərin müvafiq sahə üzrə nazirləri və digər rəsmi şəxslər iştirak etmişlər.

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının Baş konsulu Cavidan Hüseynov BTİ-nin Səlahiyyətli Konfransının açılış mərasimində iştirak etmişdir. Ölkəmizi beynəlxalq tədbirdə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi rəsmi nümayəndə heyəti təmsil edir. Bundan əlavə, Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri cənab Ramin Quluzadə ittifaqın 31 oktyabr tarixində keçiriləcək plenar iclasında çıxış edəcəkdir.

Tədbirdə açılış nitqi ilə çıxış edən T.Əl-Fəlasi bildirmişdir ki, BƏƏ-nin tədbirə ev sahibliyi etməsi telekommunikasiya texnologiyalarının rasional istifadəsi sahəsində BƏƏ-nin əldə etdiyi nailiyyətlərin BTİ və beynəlxalq telekommunikasiya icması tərəfindən təsdiqinin göstəricisidir.  

BTİ BMT-nin informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində ixtisaslaşmış qurumudur və Səlahiyyətli Konfrans ittifaqın ali qərar qəbul edən orqanıdır. 4 ildən bir keçirilən Səlahiyyətli Konfrans çərçivəsində əsas beynəlxalq İKT məsələləri barədə razılığa gəlinir, ittifaqın Baş katibi, Baş katibin müavini, sektor direktorları vəzifələrinə və BTİ-nin Şurasına seçkilər keçirilir, strateji və maliyyə planları daxil olmaqla növbəti 4 il üçün yol xəritəsi hazırlanır. Hazırda ittifaqın 193 üzvü vardır. Bu il baş tutan konfransda Azərbaycan Respublikasının BTİ-nin Şurasının 2019-2022-ci illər üzrə və Sahibə Həsənovanın BTİ-nin Radiotənzimləmə Komitəsinin 2019-2022-ci illər üzrə üzvlüyünə namizədliyi irəli sürüləcəkdir. Konfrans 16 noyabr 2018-ci il tarixinədək davam edəcəkdir.

növbəti xəbər əvvəlki xəbər