2018-10-20
Baş konsul Cavidan Hüseynovun “Gulf News” qəzetində müsahibəsi dərc olunmuşdur

20 oktyabr 2018-ci il tarixində Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu ingilisdilli kütləvi informasiya vasitələrindən olan “Gulf News” qəzetində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının baş konsulu Cavidan Hüseynovun müsahibəsi dərc olunmuşdur.

“İndi daha çox BƏƏ rezidenti Azərbaycana səfər edir” başlıqlı məqalədə Azərbaycan tərəfindən viza rejiminin sadələşdirilməsi istiqamətində atılmış ən son addımlar, sözügedən dəyişikliklərdən sonra Azərbaycana səfər edən şəxslərin sayında müşahidə olunan artım, Azərbaycan və BƏƏ arasında ikitərəfli iqtisadi əlaqələr, turizm, ticarət, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar baş konsul Cavidan Hüseynovun açıqlamaları öz əksini tapmışdır.

Məqalədə viza qaydalarının sadələşməsindən sonra Azərbaycanın BƏƏ rezidentlərinin səyahət ediləsi məkanlar siyahısına əlavə olunduğu qeyd olunmuşdur.

C.Hüseynov müsahibəsində bildirmişdir ki, vizaların hava limanlarında rəsmiləşdirilməsi proseduru bu yay 26 iyul tarixindən etibarən başlanıb. Sözügedən rejim tətbiq edilməyə başladıqdan sonra BƏƏ-dən Azərbaycana səfər edən turistlərin sayında ikiqat artım müşahidə olunur.

O, qeyd etmişdir ki, hazırda BƏƏ rezidentləri asanlıqla Azərbaycana səfər edə bilər və ölkəmizə olan turist vizalarını Bakıda, eləcə də Azərbaycanın digər bölgələrində yerləşən hava limanlarından əldə edə bilərlər.

C.Hüseynov BƏƏ-də yaşayan azərbaycanlılar barədə də məlumat verərək bildirmişdir ki, əksəriyyətli Dubayda olmaqla, BƏƏ-də təxminən 7000 azərbaycanlı yaşayır. Onların təqribən 10%-i dövlət sektoru, xüsusən enerji sektorunda, digərləri turizm, təhsil, xidmət və ya media kimi müxtəlif sektorlarda çalışır, bəziləri də şəxsi bizneslə məşğuldurlar. “Azərbaycandan BƏƏ-yə ərzaq məhsulları, meyvə, tərəvəz, çərəz, avtomobil hissələri və daxili yanma mühərrikləri ixrac edilir. BƏƏ-dən Azərbaycana isə elektrik cihazları, nəqliyyat vasitələri, yedək parçalar, kimyəvi məhsullar, sürtkü yağları, tikinti materialları və aksesuarları və borular idxal edir”, - deyə baş konsul əlavə etmişdir.

C.Hüseynov, həmçinin vurğulamışdır ki, bu ilin sonunda iki ölkə arasında ticarətin təşviqi məqsədilə Dubayda Azərbaycanın ticarət ofisinin rəsmi açılış mərasimi baş tutacaqdır. O, əsas məqsədin iki ölkə arasında ikitərəfli ticarəti genişləndirmək olduğunu qeyd edərək, ticarət nümayəndəsinin artıq təyin olunduğunu və ofisin artıq fəaliyyət göstərdiyini və bu yeni addımın Azərbaycan məhsul və mallarının BƏƏ-də təşviqinə yönəldiyini ifadə etmişdir.

C.Hüseynov Azərbaycan ilə BƏƏ arasındakı ticarət dövriyyəsinə toxunaraq, iki ölkə arasında mövcud olan səmimi, yaxın və mehriban münasibətlər səbəbindən, ticarət dövriyyəsinin həcminin bu il daha da artacağına ümidvar olduğunu bildirmişdir.

Müsahibədə baş konsul C.Hüseynov, həmçinin vurğulamışdır ki, 2018-ci il BƏƏ dövlətinin qurucusu Şeyx Zayed bin Sultan Əl Nəhyanın 100 illik yubileyi ilə əlaqədar “Zayed İli” kimi qeyd olunur. Bu il, həmçinin Azərbaycan üçün də əlamətdardır. Belə ki, 2018-ci ildə Azərbaycanda Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi tamam olur.

“1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin təsis edilməsi bizim xalqımız üçün tarixi və əlamətdar bir hadisədir. Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə və müsəlman dünyasında ilk parlamentli demokratik respublika olmuşdur. O, 23 ay yaşamasına baxmayaraq, xeyli işlər görmüşdür. Həmin müddətdə bir çox islahatlar aparılmışdır”, - deyə C.Hüseynov bildirmişdir.

O, əlavə etmişdir ki, “belə islahatlardan biri irq, cins, etnik və dini mənsubiyyət ayrımı olmadan bütün əhaliyə seçki hüququnun verilməsi olmuşdur. Azərbaycan qadınlara kişilərlə eyni siyasi hüquq verən ilk müsəlman ölkəsi olmuşdur. Həmin dövrdə, həmçinin Bakı Dövlət Universiteti yaradılmış, bütün təhsil müəssisələrində tədris azərbaycan dilində aparılmağa başlanmışdır”.

Daha sonra C.Hüseynov bildirmişdir ki, Azərbaycan 1991-ci ildə ümummilli lider Heydər Əliyevin öndərliyi ilə ikinci dəfə öz müstəqilliyinə nail olmuşdur. Hazırda, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycan öz tarixinin yeni inkişaf mərhələsini yaşayır.

Baş konsul C.Hüseynov ölkə Prezidenti tərəfindən 2018-ci ilin Azərbaycanda “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etdiyini diqqətə çatdıraraq bildirmişdir ki, ölkəmizdə və dünyanın hər yerində Cümhuriyyətin 100-cü ildönümünü qeyd edilir və bu gün Azərbaycan beynəlxalq arenada öz mövqelərini gücləndirir, ölkəmiz iki dəfə BMT Təhlükəsizlik Şurasına üzv seçilib.

“Bir sözlə, mən fəxrlə deyə bilərəm ki, ölkəmiz öz müstəqilliyini əldə etdikdən sonra bir çox nailiyyətlər əldə etmiş və güclü dövlətə çevrilmişdir”, - deyə C.Hüseynov müsahibəsində bildirmişdir.

 Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış olmaq olar. 

https://gulfnews.com/news/uae/society/more-uae-residents-visiting-azerbaijan-1.2291505

növbəti xəbər əvvəlki xəbər