2018-09-17
Baş konsul Cavidan Hüseynov Dubay Protokol Departamentinin Baş direktoru Xəlifə Səid Süleyman ilə görüşüb.

17 sentyabr 2018-ci il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının baş konsulu Cavidan Hüseynov Dubay Protokol Departamentinin Baş direktoru Xəlifə Səid Süleyman ilə görüşmüşdür.

Görüşün tanışlıq məqsədi daşıdığını bildirən baş konsul C.Hüseynov səmimi qəbula görə X.S.Süleymana təşəkkürünü bildirmişdir. C.Hüseynov Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında möhkəm dostluq və qardaşlıq əlaqələrinin olduğunu qeyd edərək, ölkələrimiz arasında ikitərəfli əlaqələrin səviyyəsinin yüksək olduğunu bildirmişdir.

Öz növbəsində, X.S.Süleyman BƏƏ ilə Azərbaycan arasında bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə etmiş və bu əməkdaşlığın daha da güclənəcəyinə əminliyini ifadə etmişdir. O, daha öncə BƏƏ-nin vitse-prezidenti, Baş naziri, Dubayın Hökmdarı Şeyx Məhəmməd bin Raşid Əl Məktumla birlikdə biri rəsmi, digəri qeyri-rəsmi olmaqla iki dəfə Azərbaycana səfər etdiyini və həmin səfərlərin onda xoş təəssürat yaratdığını bildirmişdir.

O, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin BƏƏ-yə, o cümlədən Dubay Əmirliyinə səfərlərini xatırladaraq, bu səfərlərin Dubayın Hökmdarı Şeyx Məhəmməd bin Raşid Əl Məktum tərəfindən böyük sevinclə qarşılandığını vurğulamışdır.

Baş konsul C.Hüseynov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin BƏƏ ilə iqtisadi, ticarət, mədəniyyət və digər sahələrdə əlaqələrin möhkəmləndirilməsi və inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verdiyini vurğulamışdır. O,  Azərbaycana səfər edən Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarına müvafiq xidmət və ehtiramın göstərilməsi, habelə vizaların əldə edilməsi və digər məsələlərdə asanlıq yaradılması məsələsinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzində olduğunu qeyd etmişdir.

Öz növbəsində, X.S.Süleyman BƏƏ-li turistlərin Azərbaycana tez-tez səfər etdiyini və məsafənin yaxınlığı, əlverişli viza rejiminin mövcudluğu və ölkədə hökm sürən sabitliyin onların səyahət üçün Azərbaycanı seçməsinə səbəb olduğunu bildirmişdir. O, əlavə etmişdir ki, BƏƏ-li turistlər təkcə paytaxt Bakıya deyil, eləcə də Azərbaycanın digər bölgələrinə səfər edirlər.

Daha sonra X.S.Süleyman BƏƏ ilə Azərbaycan arasında mövcud olan birbaşa aviareyslər ilə maraqlanmışdır.

Baş konsul C.Hüseynov hazırda “Azərbaycan Hava Yolları – AZAL”, “Etihad Airways”, “Fly Dubai” və “Air Arabia” şirkətlərinin ölkələrimiz arasında birbaşa uçuşlar həyata keçirdiyini bildirmişdir. O, həmçinin qeyd etmişdir ki, ötən müddət ərzində Azərbaycan tərəfi vizaların verilməsi prosedurunun sadələşdirilməsi istiqamətində mühüm addımlar atmış və bunun nəticəsi olaraq, cari ilin iyul ayından etibarən BƏƏ-nin rezident vizasına sahib olan bütün əcnəbilərə turist vizaları ölkəmizin beynəlxalq statuslu hava limanlarında rəsmiləşdirilir.

Səmimi şəraitdə keçən görüşdə qarşılıqlı maraq kəsb edən müxtəlif məsələlər müzakirə edilmişdir.

növbəti xəbər əvvəlki xəbər