2018-08-22
Baş konsul C.Hüseynov Qurban bayramı münasibəti ilə BƏƏ-nin Dubay və Şimal Əmirliklərində təşkil olunmuş qəbul mərasimlərində iştirak edib.

Qurban bayramı ilə əlaqədar 21-22 avqust 2018-ci il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay və Şimal Əmirliklərində diplomatik korpusun nümayəndələri və konsullar üçün təbrik-qəbul mərasimləri təşkil olunmuşdur.

21 avqust 2018-ci il tarixində Dubay hökmdarının müavini, BƏƏ-nin maliyyə naziri Şeyx Həmdan bin Raşid Əl Məktum, həmçinin BƏƏ-nin Ali Federal Şurasının üzvü, Əcman Əmirliyinin hökmdarı Şeyx Humeyd bin Raşid Ən-Nueymi və BƏƏ-nin Ali Federal Şurasının üzvü, Umm Əl-Quveyn Əmirliyinin hökmdarı Şeyx Səud bin Raşid Əl-Muəlla Dubay və Şimal Əmirliklərində akkreditə olunmuş konsulluqların rəhbərlərini təbrik üçün öz saraylarında qəbul etmişlər.

 22 avqust 2018-ci il tarixində isə BƏƏ-nin Ali Federal Şurasının üzvü, Fuceyra Əmirliyinin hökmdarı Şeyx Həməd bin Məhəmməd Əş-Şərqi, BƏƏ-nin Ali Federal Şurasının üzvü, Ras Əl-Xeymə Əmirliyinin hökmdarı Şeyx Səud bin Saqr Əl-Qasimi və BƏƏ-nin Ali Federal Şurasının üzvü, Şarca Əmirliyinin hökmdarı Şeyx Sutan bin Məhəmməd Əl-Qasimi konsulluqların rəhbərlərini təbrik üçün qəbul etmişlər.

Qəbul mərasimində Birləşmiş Ərəb Əmirliklərinin Dubay və Şimal Əmirliklərində Azərbaycan Respublikasının Baş konsulu Cavidan Hüseynov da iştirak etmişdir. Baş konsul C.Hüseynov Zati-alilərinə müqəddəs Qurban bayramı münasibəti ilə təbrik və xoş diləklərini çatdırmış, onlara can sağlığı və xoşbəxtlik diləmiş, Birləşmiş Ərəb Əmirlikləri Dövlətinə əmin-amanlıq, inkişaf və çiçəklənmə arzulamışdır.

Öz növbəsində əmirlik rəhbərləri təşəkkürlərini ifadə edərək, müqəddəs Qurban bayramı münasibətilə Baş konsul C.Hüseynovu təbrik etmiş, ona fəaliyyətində uğurlar arzulayaraq, ən səmimi arzularını bildirmişlər.

Mərasimlərdə Əmirliklərin vəliəhdləri, müxtəlif dövlət qurumlarının nümayəndələri və digər rəsmi şəxslər iştirak etmişlər.

növbəti xəbər əvvəlki xəbər