2018-05-31
Baş konsul Cavidan Hüseynov “DP World” şirkətlər qrupunun İcraçı Direktoru və İdarə Heyətinin sədri, “Dubay Liman, Gömrük və Azad Zona Korporasiyası”nın sədri, Dubay Əmirliyinin İcraiyyə Şurasının üzvü Sultan Əhməd bin Süleymlə görüşmüşdür.

31 may 2018-ci il tarixində Azərbaycan Respublikasının Dubay və Şimal Əmirliklərindəki Baş konsul Cavidan Hüseynov “DP World” şirkətlər qrupunun İcraçı Direktoru və İdarə Heyətinin sədri, “Dubay Liman, Gömrük və Azad Zona Korporasiyası”nın sədri, Dubay Əmirliyinin İcraiyyə Şurasının üzvü Sultan Əhməd bin Süleymlə görüşmüşdür.

Görüşə görə təşəkkürünü bildirən Baş konsul Cavidan Hüseynov Azərbaycanla BƏƏ arasında qarşılıqlı faydalı əməkdaşlığın bütün sahələrdə, xüsusən iqtisadi sahədə uğurla davam etdiyini və hər iki ölkə rəhbərliyinin siyasi iradəsi və əzmi sayəsində ikitərəfli əlaqələrimiz ildən-ilə daha da inkişaf etdiyini diqqətə çatdırmışdır.

O, 2016-cı ilin sentyabrında Bakıda “DP World” şirkətlər qrupu ilə imzalanmış Bakı Beynəlxalq Dəniz Ticarət Limanı (BBDTL) daxil olmaqla Ələt Azad Ticarət Zonasına (ATZ) məsləhət xidmətinin göstərilməsinə dair müqaviləni qeyd edərək, məsləhətçi qismində BƏƏ şirkətinin seçilməsinin ölkələrimiz arasında siyasi və iqtisadi münasibətlərin yüksək səviyyədə olmasının göstəricisi olduğunu bildirmişdir. C.Hüseynov, sözügedən müqavilənin mühüm əhəmiyyət daşıdığını vurğulayaraq, “DP World” şirkətlər qrupunun təcrübəsinin BBDTL və ATZ-nin fəaliyyətinə müsbət töhfə verəcəyinə ümidvar olduğunu qeyd etmişdir. C.Hüseynov S.Ə.Bin Süleymin bir müddət öncə Azərbaycanda səfərdə olduğunu və həmin səfər çərçivəsində dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən qəbul edildiyini xatırlamış, fürsətdən istifadə edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını S.Ə.Bin Süleymə çatdırmışdır.

Öz növbəsində, S.Ə.Bin Süleym səmimi salamlarına görə Zati-alilərinə dərin minnətdarlığını ifadə etmiş və bundan şərəf duyduğunu bildirmişdir. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi dövründə Azərbaycanın sürətli və dinamik inkişaf yolu keçdiyini, ölkədə mühüm nailiyyətlər əldə edildiyini, böyük uğurlara imza atıldığını demişdir. S.Ə.Bin Süleym hər dəfə Azərbaycana səfəri zamanı ölkəmizdə böyük inkişaf proseslərinin şahidi olduğunu bildirmiş və bütün bunların Prezident cənab İlham Əliyevin müdrikliyi, əzmi və inamı sayəsində baş tutduğunu qeyd etmişdir. O, uzun müddət öncə də Azərbaycana səfər etdiyini və həmin vaxtdan keçən dövr ərzində Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlər arasında belə yüksək templə inkişafı təkcə Azərbaycanda müşahidə etdiyini bildirmişdir. S.Ə.Bin Süleym Bakını Avrasiyanın Parisi hesab etdiyini, həmçinin Bakıda xarici turistlərin, o cümlədən ərəb ölkələrindən olan turistlərin sayının sürətlə artdığını müşahidə etdiklərini demişdir. O, Azərbaycanın füsunkar təbiəti və Azərbaycan xalqının qonaqpərvərliyinin ərəb turistləri cəlb edən əsas amil olduğunu bildirmişdir.

 

növbəti xəbər əvvəlki xəbər