2018-05-14
13 may 2018-ci il tarixində Azərbaycan Respublikasının Dubaydakı Baş Konsulluğunun təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.

13 may 2018-ci il tarixində Azərbaycan Respublikasının Dubaydakı Baş Konsulluğunun təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirə baş qonaq qismində Birləşmiş Ərəb Əmirliklərinin ali təhsil məsələləri üzrə dövlət naziri Dr. Əhməd bin Abdullah Humeyd Belhoul Əl-Fəlasi qatılmışdır. Tədbirdə Dubayda akkreditə olunmuş konsulluq korpusunun rəhbərləri, yerli dövlət orqanlarının təmsilçiləri, KİV nümayəndələri, Azərbaycan diasporunun nümayəndələri, Azərbaycan Hava Yollarının və ARDNŞ-nin Dubaydakı nümayəndələri və digər rəsmi qonaqlar iştirak etmişlər.

Tədbirin rəsmi hissəsi bitdikdən sonra Azərbaycandan xüsusi olaraq dəvət olunmuş incəsənət xadimləri Azərbaycan milli musiqisindən incilər səsləndirmişlər. Ziyafət iştirakçıları muğam qrupunun ifaları sayəsində Azərbaycanın zəngin musiqi mədəniyyətinə heyran olmuşlar.

Tədbirdə qonaqlar üçün Azərbaycan və dünya mətbəxinin ləziz təamlarından ibarət şam yeməyi təşkil olunmuş və müxtəlif çeşid şirniyyat, meyvə və içkilər təqdim olunmuşdur.

Tədbir boyunca Azərbaycanın tarixi məkanları, səfalı guşələri, füsunkar təbiəti və milli mətbəxi ilə bağlı video-çarx və foto-slaydlar nümayiş etdirilmişdir. 

Tədbir məkanında Azərbaycanın milli musiqisi, incəsənəti, tarixi, adət-ənənələri və görməli yerlərini tərənnüm edən sərgi təşkil edilmişdir. Sərgidə müxtəlif kitablar, broşürlər, rəsmlər, xalçalar, milli musiqi alətləri və s. nümayiş etdirilmişdir. Eyni zamanda sərgi zalında “Badamlı” mineral suları, Dubay və Şimal Əmirliklərində fəaliyyət göstərən Azərbaycan turizm şirkətləri və restoranlarının öz məhsul və məlumat broşürlərini nümayiş etdirmələri üçün yer ayrılmışdır.

Milli musiqi nümunələri, təamlar, Azərbaycanın milli adət-ənənələrindən sənətkarlığına qədər kifayət qədər geniş mövzuları əhatə edən kitab və broşürlər, eləcə də milli ornamentlərlə bəzədilmiş xalça və rəsmlər qonaqların böyük diqqət və marağına səbəb olmuşdur.

Rəsmi qəbul və konsert proqramı ilə bağlı məlumat BƏƏ-də fəaliyyət göstərən “Diplomat Magazine” və “Aviamost” jurnallarında geniş işiqlandırılmışdır.

Bütün ziyafət iştirakçılarına mədəni dəyərlərimizi əks etdirən kitab və suvenirlərdən ibarət hədiyyə paketi təqdim olunmuşdur.

növbəti xəbər əvvəlki xəbər