2018-04-30
30 aprel 2018-ci il tarixində Baş konsul Cavidan Hüseynov Dubay Əmirliyinin Mülki Müdafiə Baş İdarəsinin Baş direktoru Raşid Təni Əl-Matruşi ilə görüş keçirmişdir.

30 aprel 2018-ci il tarixində Azərbaycan Respublikasının Dubaydakı Baş konsulu Cavidan Hüseynov Dubay Əmirliyinin Mülki Müdafiə Baş İdarəsinin Baş direktoru Raşid Təni Əl-Matruşi ilə görüş keçirmişdir.

Tanışlıq məqsədi daşıyan görüşdə Azərbaycan ilə BƏƏ arasında mülki müdafiə və fövqəladə hallar sahəsində əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq kəsb edən müxtəlif mövzular müzakirə edilmişdir.

Baş konsul C.Hüseynovu salamlayan R.Əl-Matruşi yeni təyinatı münasibəti ilə onu təbrik etmiş və fəaliyyətində uğurlar arzulamışdır. O, Dubay Mülki Müdafiə Baş İdarəsi barədə məlumat verərək, qurumun fəaliyyəti, vəzifələri və təsis edildiyi dövrdən etibarən görülmüş mühüm işlər barədə danışmışdır. R.Əl-Matruşi Azərbaycanın sürətlə inkişaf edən ölkə olduğunu və hər iki ölkənin müvafiq qurumları arasında geniş əməkdaşlıq imkanlarının mövcud olduğunu bildirmişdir.

Öz növbəsində C.Hüseynov Azərbaycanla BƏƏ arasında qarşılıqlı faydalı əməkdaşlığın bütün sahələrdə uğurla davam etdiyini və hər iki ölkə rəhbərliyinin siyasi iradəsi və əzmi sayəsində ikitərəfli əlaqələrimiz ildən-ilə daha da inkişaf etdiyini diqqətə çatdırmışdır. O, digər sahələrdə olduğu kimi fövqəladə hallar və mülki müdafiə sahəsində də əməkdaşlığın zəruriliyini diqqətə çatdırmış və həmsöhbətini fürsət yarandığı təqdirdə ölkəmizə səfərə dəvət etmişdir.

R.Əl-Matruşi dəvətə görə təşəkkürünü bildirərək, qarşılıqlı səfərlər və təcrübə mübadiləsinin əhəmiyyətini vurğulamışdır.

Daha sonra M.Əl-Matruşi Baş konsul C.Hüseynovu Dubay Mülki Müdafiə Baş İdarəsinin iş prosesi və sözügedən qurumda tətbiq edilən yeniliklərlə əyani şəkildə tanış etmişdir. O, C.Hüseynov ilə birlikdə Dubay Əmirliyində yerləşən bina və qurğulara nəzarət və sözügedən tikililərdə baş verən fövqəladə vəziyyətin qarşısının alınması və aradan qaldırılması məqsədilə Baş İdarənin daxilində yaradılmış müşahidə mərkəzinə gəlmiş və sözügedən müşahidə mərkəzi ilə bağlı məlumat vermişdir. M.Əl-Matruşi onun dünya səviyyəsində ən qabaqcıl mərkəzlərdən biri olduğunu bildirmişdir.

Səmimi və dostluq şəraitində keçən görüşün sonunda C.Hüseynov M.Əl-Tayerə əl işi olan Azərbaycan xalçası hədiyyə etmişdir.

 

növbəti xəbər əvvəlki xəbər