2018-04-25
25 aprel 2018-ci il tarixində Baş konsul Cavidan Hüseynov Dubay Məhkəmələrinin Baş direktoru Tariş Eyd Əl-Mənsuri ilə görüş keçirmişdir.

25 aprel 2018-ci il tarixində Azərbaycan Respublikasının Dubay və Şimal Əmirliklərindəki Baş konsulu Cavidan Hüseynov Dubay Məhkəmələrinin Baş direktoru Tariş Eyd Əl-Mənsuri ilə görüş keçirmişdir.

Tanışlıq məqsədi daşıyan görüşdə Azərbaycan ilə BƏƏ arasında məhkəmə sahəsində əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq kəsb edən mövzular müzakirə edilmişdir.

C.Hüseynov Azərbaycan ilə BƏƏ arasında əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdırmış və ikitərəfli əlaqələrin dinamik şəkildə inkişaf etdiyini bildirmişdir. O, Azərbaycanın BƏƏ ilə münasibətlərə böyük önəm verdiyini və bu əlaqələrin hərtərəfli genişləndirilməsi və möhkəmləndirilməsində maraqlı olduğunu vurğulamışdır. Dövlət başçıları arasında mövcud olan səmimi dostluq bağlarına toxunan C.Hüseynov hər iki ölkə rəhbərliyinin siyasi iradəsi və əzmi sayəsində ikitərəfli əlaqələrin müxtəlif sahələrdə ildən-ilə daha da inkişaf etdiyini qeyd etmişdir. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin BƏƏ ilə müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verdiyini və bununla bağlı Zati-alilərinin müvafiq göstərişlərinin olduğunu diqqətə çatdırmışdır.

Öz növbəsində T.Ə.Əl-Mansuri ikitərəfli əlaqələrin səviyyəsinin məmnunluq doğurduğunu qeyd edərək, Azərbaycan və BƏƏ arasında əlaqələrin inkişafında dövlət liderlərinin böyük roluna toxunmuşdur. Ölkələrimiz arasında iqtisadiyyat, ticarət və turizm sahələrində sıx əməkdaşlıq olduğunu qeyd edən T.Ə.Əl-Mansuri, son illər artmaqda olan qarşılıqlı turist səfərlərinin bunun bariz nümunəsi olduğunu vurğulamışdır. T.Ə.Əl-Mansuri Azərbaycanın turizm imkanları, füsunkar təbiəti, əlverişli iqlimi və əmin-amanlığının ərəb turistləri cəlb edən əsas amil olduğunu bildirmişdir.

Görüşdə hər iki ölkənin məhkəmə sistemi, onların inkişafı və məhkəmə orqanları arasında əməkdaşlıq perspektivləri barədə qarşılıqlı fikir mübadiləsi aparılmışdır. C.Hüseynov Azərbaycan vətəndaşlarının üzləşdiyi məsələlər ilə bağlı Dubay məhkəmələrinin hər zaman ədalətli mövqe sərgilədiyini bildirmiş və fürsətdən istifadə edərək şəxsən T.Ə.Əl-Mənsuriyə təşəkkürünü bildirmişdir.

Öz növbəsində T.Ə.Əl-Mənsuri BƏƏ-də məskunlaşmış Azərbaycan vətəndaşlarının cinayət göstəricisi baxımından ən aşağı göstəricilərə sahib olduğunu vurğulamış və Dubay məhkəmələrinin hər zaman ədalətin yanında olduğunu qeyd etmişdir. Baş konsul C.Hüseynov sözügedən faktın sevindirici hal olduğunu ifadə edərək, Azərbaycan Respublikasının Dubaydakı Baş Konsulluğu tərəfindən Dubay və Şimal Əmirliklərində müvəqqəti və daimi yaşayan, işləyən və təhsil alan Azərbaycan vətəndaşları ilə müntəzəm şəkildə əlaqə saxlanıldığını, görüşlərin təşkil edildiyini və onlar arasında müvafiq marifləndirmə işinin aparıldığını diqqətə çatdırmışdır.

Görüşdə C.Hüseynov Azərbaycan və BƏƏ məhkəmə sistemləri arasında işgüzar əlaqələrin genişləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Sədri adından Dubay Məhkəmələrinin Sədri T.Ə.Əl-Mənsurini Azərbaycana rəsmi səfərə dəvət etmişdir. Dəvətə görə təşəkkürünü bildirən T.Ə.Əl-Mənsuri fürsət yarandığı təqdirdə ölkəmizə səfər edəcəyini bildirmişdir.

 

növbəti xəbər əvvəlki xəbər