2018-04-05
4 aprel 2018-ci il tarixində Baş konsul Cavidan Hüseynov Dubay Əmirliyinin Məskunlaşma və Əcnəbilərin İşləri üzrə Baş İdarəsinin Baş direktoru general-mayor Məhəmməd Əhməd Əl-Mərri ilə görüş keçirmişdir.

4 aprel 2018-ci il tarixində Azərbaycan Respublikasının Dubay və Şimal Əmirliklərindəki Baş konsulu Cavidan Hüseynov Dubay Əmirliyinin Məskunlaşma və Əcnəbilərin İşləri üzrə Baş İdarəsinin Baş direktoru general-mayor Məhəmməd Əhməd Əl-Mərri ilə görüş keçirmişdir.

Qəbula görə minnətdarlığını bildirən C.Hüseynov baş konsul kimi yeni fəaliyyətə başladığını və görüşün tanışlıq məqsədi daşıdığını qeyd etmişdir.

Dubay Əmirliyinin Məskunlaşma və Əcnəbilərin İşləri üzrə Baş İdarəsinin Baş direktoru M.Əl-Mərri yeni təyinatı münasibəti ilə C.Hüseynovu təbrik etmiş və gələcək fəaliyyətində ona uğurlar arzulamışdır.

Qarşılıqlı maraq kəsb edən məsələlərin müzakirə edildiyi görüşdə Baş konsul C.Hüseynov Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında təşəkkül tapmış möhkəm dostluq əlaqələrinə toxunmuşdur. Ölkələrimiz arasında müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın mövcud olduğunu bildirən C.Hüseynov bu əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə əminliyini ifadə etmişdir. O, hər iki ölkə rəhbərliyinin diqqət və qayğısı sayəsində Azərbaycan-BƏƏ münasibətlərinin yüksələn xəttlə inkişaf etdiyini bildirmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi cənab Firudin Qurbanovun BƏƏ-yə səfəri və M.Əl-Mərri ilə görüşünü xatırladan C.Hüseynov, bu səfərin miqrasiya sahəsində münasibətlərin inkişafına təkan verdiyini qeyd etmiş, həmçinin münasib bir vaxtda M.Əl-Mərrinin ölkəmizə rəsmi səfərə dəvət etmişdir.

Dəvətə görə təşəkkürünü bildirən Baş direktor M.Əl-Mərri fürsət yarandığı təqdirdə mütləq ölkəmizə səfər edəcəyini bildirmişdir. O, ikitərəfli əlaqələrin səviyyəsinin məmnunluq doğurduğunu bildirərək, bunun ölkə başçılarının siyasi iradəsinin nəticəsi olduğunu qeyd etmişdir. Daha sonra M.Əl-Mərri şəxsi fəaliyyəti və rəhbərlik etdiyi qurum barədə məlumat vermişdir.

Səmimi şəraitdə keçən görüş miqrasiya sahəsində əməkdaşlıq perspektivlərinin müzakirəsi ilə davam etmişdir.

Qarşılıqlı maraq kəsb edən mövzuların müzakirəsindən sonra M.Əl-Mərri Baş konsul C.Hüseynovu Dubay Əmirliyinin Məskunlaşma və Əcnəbilərin İşləri üzrə Baş İdarəsinin tabeliyindəki idarələrin ofisləri və iş prinsipləri ilə tanış etmişdir. Müraciət edənlər və işçilərin rahatlığı üçün qabaqcıl texnologiya və üsullarının tətbiq edildiyi idarələrdə xidmətlər, əsasən, elektron formada aparılır. M.Əl-Mərri Baş İdarənin xidmətlərinin elektron formada göstərilməsinin istər müraciətçilərin, istərsə də işçilərin işini asanlaşdırdığını qeyd etmişdir. Müxtəlif idarələrin iş prosesi ilə tanışlıqdan sonra M.Əl-Mərri Baş konsul C.Hüseynovu Baş İdarənin əməkdaşları üçün yaradılmış oxu guşəsi və işçi məmnuniyyəti mərkəzi ilə tanış etmişdir.

növbəti xəbər əvvəlki xəbər