2017-02-23
2017-ci ilin 23 fevral tarixində Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki Səfirliyinin, Dubay və Şimal Əmirliklərindəki Baş konsulluğunun birgə təşkilatçılığı ilə Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunan tədbir keçirilib.

Xocalı faciəsi zamanı həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Tədbirdə giriş nitqi ilə çıxış edən səfir Daşqın Şikarov həmin gecə Xocalının yerlə-yeksan edildiyini, dinc mülki əhalinin kütləvi qətliama məruz qaldığını, erməni millətçilərinin XX əsrin sonlarında sivilizasiyalı bəşəriyyət üçün üzqarası olan növbəti qanlı cinayətlərini törətdiklərini vurğulayıb.

Səfir işğal edilmiş Azərbaycan torpaqlarından erməni silahlı qüvvələrinin  qeyd-şərtsiz çıxarılması barədə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin Azərbaycanın haqlı mövqeyinin beynəlxalq miqyasda qəbul olunmasının nümunələrindən biri olduğunu  qeyd edib. D.Şikarov Xocalı soyqırımının Azərbaycan və ümumiyyətlə bəşər tarixində ən dəhşətli və faciəli səhifələrdən biri olduğunu, fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələrinin zabit və əsgərlərinin Xocalı şəhərini yerlə-yeksan etməsini, 613 sakinin qətlə yetirməsini, gühansız insanlara hətta qadınlara, uşaqlara və yaşlılara belə rəhm edilmədiyini diqqətə çatdırıb. Səfir həmçinin, girov götürülənlərdən 150 nəfərin taleyinin indiyədək məlum olmadığını fikirlərinə əlavə etmişdir. Azərbaycan dövlətinin Xocalı faciəsi haqqındakı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, beynəlxalq aləmdə soyqırım kimi tanıdılması istiqamətində məqsədyönlü və sistemli iş apardığını səfir auditoriyanın diqqətinə xüsusilə çatdırıb. Azərbaycan Respublikasının Dubay və Şimal Əmirliklərindəki Baş konsulu cənab Pərviz İsmayılzadə çıxışı zamanı Xocalı soyqırımını azərbaycanlılara qarşı erməni şovinist dairələrinin 19-20-ci əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi kimi gördüyünü vurğulamışdır. P.İsmayılzadə Xocalı soyqırımına ilk dəfə hüquqi qiymətin ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini, 1994-cü il 24 fevral tarixində ulu öndərin imzaladığı fərmanla həmin günün xalqımıza qarşı törədilən soyqırımı aktı kimi qeyd edilməyə başlandığını bildirib. P.İsmayılzadə son illərdə “Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində soydaşlarımızı təmsil edən çoxsaylı vətəndaş cəmiyyəti institutları, gənclər təşkilatları və diaspor qurumlarının bu sahədə hakimiyyət strukturları ilə birgə səmərəli fəaliyyət göstərdiyini, artıq yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzünün ifşa olunduğunu, dünya ictimai fikrinin Xocalı həqiqətlərini qəbul etməyə başladığını bildirib.

Harada baş verməsindən asılı olmayaraq, Azərbaycanın hər cür irqi ayrı-seçkiliyi, etnik və dini zəmində düşmənçiliyi bütövlükdə bəşər cəmiyyətinə qarşı cinayət hesab etməsi, dövlətimizin bundan sonra da Xocalı soyqırımına, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına obyektiv qiymət verilməsi və tarixi-hüquqi ədalətin bərpası üçün öz fəaliyyətini davam etdirəcəyi, həmçinin bu qəbildən olan faciələrin bir daha təkrar olunmaması naminə bütün siyasi və hüquqi vasitələrlə belə hallara qarşı barışmaz mübarizə aparacağına dair Baş konsulun fikirləri dinləyicilər tərəfindən maraqla qarşılanıb.

Xocalı soyqırımını törətməklə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirdiyi, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etdiyinə dair P.İsmayılzadənin sözlərinə tədbir iştirakçıları həmrəy olduqlarını təsdiqləyib.

Baş konsul çıxışının sonunda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Xocalı soyqırımının və ümumilikdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə çatdırılması siyasətinin bugündə fəal şəkildə davam etdirildiyini qeyd edib.

 Çıxışın ardından, Azərbaycan icmaları və xarici ölkələrin mətbuat nümayəndələri üçün xüsusi hazırlanmış ingilis dilində “Xocalı Faciəsi” adlı film nümayiş olunub.

 Sözügedən tədbirdə MDB ölkələrinin Baş konsulları, ARDNŞ, Azərbaycan Hava Yolları, diasporanın Dubay şəhərindəki nümayəndələri, Dubay Gömrüyünün və Skaylayn (Skyline) Universitetinin əməkdaşları, Dubay və Şarca Əmirliyində təhsil alan azərbaycanlı tələbələr, yerli KİV nümayəndələri və digər qonaqlar iştirak edib.

Əcnəbi vətəndaşların daha da dərindən məlumat əldə etmələri məqsədilə, faciə ilə bağlı kitab və broşürlərdən ibarət kiçik stend və foto-slayd qurulub.

növbəti xəbər əvvəlki xəbər