2017-01-30
Azərbaycan Respublikasının Dubay və Şimal Əmirliklərindəki Baş konsulluğunun təşəbbüsü ilə BƏƏ-nin ən nüfuzlu və çoxtirajlı qəzetlərindən olan “Gulf News”da “Azərbaycan Müsəlman Dünyasına qanadlarını açır” adlı məqalə çap olunub.

Məqalə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında sərəncam imzalaması ilə başlayır.

Daha sonra Baş konsulluğun mətbuata verdiyi açıqlamaya əsasən sözügedən sərəncamın, Azərbaycanın uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olduğunu, İslam dininin yayılmasında və eyni zamanda Müsəlman İntibahının bərqərar olmasında mühüm rol oynadığını, bütün bunların Azərbaycan ərazisində ilk vaxtlardan İslam dininin maddi və qeyri-maddi irsinin formalaşmasına zəmin yaratdığını əhatə etdiyi bildirilib.

Məqalədə Cənab Prezidentin dinlə bağlı sərt qadağaların mövcud olduğu sovet dövrü Azərbaycanında cəmi 17 məscid fəaliyyət göstərdiyi halda, hazırda onların sayı 2000-i ötüb keçdiyi, həmin məscidlərin 300-dən çoxu tarixi-mədəni abidə kimi qorunduğu, Azərbaycan dövlətinin İslam dini dəyərlərinə qayğısı sayəsində son illər ərzində İslam mədəniyyətinin qiymətli abidələrindən Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı Cümə məscidləri və Gəncə şəhərindəki “İmamzadə” kompleksi əsaslı şəkildə yenidən qurularaq təmir olunduğu, ölkəmizin paytaxtında Cənubi Qafqazın ən möhtəşəm məbədi Heydər məscidi inşa edildiyinə dair fikirləri də yer alıb.

Məqalənin redaktoru Aşfaq Əhməd Azərbaycan Respublikasının İslam Əməkdaşlıq Təşkilatı, İSESKO, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilərək İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurmasını, qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların təşkilatçısı kimi çıxış etdiyini məqaləyə əlavə edib.Azərbaycanda tolerantlıq mühitinin təşəkkül tapması, multikulturalizm, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulması, islam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verməsini redaktor Azərbaycanın böyük uğurlarının bir hissəsi hesab edib.

Məqalənin linki

http://gulfnews.com/news/europe/azerbaijan-spreading-wings-to-muslim-world-1.1971741

növbəti xəbər əvvəlki xəbər