2017-01-09
Baş konsul Pərviz İsmayılzadə 2017-ci ilin 9 yanvar tarixində Şarca Universitetinin direktoru Professor Həmid Əl Nəimi ilə görüş keçirib.

İlk olaraq, Baş konsul Pərviz İsmayılzadə qəbul üçün minnətdarlığını bildirərək Azərbaycan ilə BƏƏ arasında mövcud əlaqələrin yüksək səviyyədə olmasından, H. Əl Nəimi ilə ikinci dəfə görüşməkdən məmnun olmasından, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsil sahəsində xarici tərəfdaş universitetlər ilə əlaqələrin inkişaf etdirilməsi, möhkəmləndirilməsi və təkmilləşdirilməsinə xüsusi önəm verməsindən söhbət açıb.

Öz növbəsində,  Professor Əl Nəimi də Baş konsul ilə yenidən görüşməkdən məmnunluğunu ifadə etmiş, sözügedən görüşlərin mütəmadi keçirilməsinin təhsil sahəsi daxil olmaqla, digər sahələrdə də yüksək səviyyəli əlaqələrin bariz nümunəsi olduğunu vurğulayıb. Həmid Əl Nəimi BƏƏ-nin ən böyük universiteti olan Şarca universitetində, dünyanın 80-dən çox ölkəsindən müraciət etmiş tələbələrin hal-hazırda 90 təhsil proqramından faydalandığını bildirib. H. Əl Nəimi Şarca Universitetində həmçinin, BƏƏ universitetləri arasında 625 çarpayıdan ibarət ən böyük tibb məntəqəsinin, iki hospitalın, tibbi tədqiqatlar mərkəzinin olduğunuda qeyd edib.

Görüşdə Baş konsul Azərbaycandakı ali təhsil müəssisələri ilə Şarca Universiteti arasında ikili əməkdaşlığın perspektivləri və birgə layihələrin keçirilməsi yolları barədə fikir mübadiləsi aparıb.

P.İsmayılzadə milli, regional və beynəlxalq rəqabət üçün universitetlər arasında əlaqələrin qurulması, müəllim-tələbə mübadiləsinin koordinasiyası, birgə layihə və konfransların keçirilməsi, yay məktəblərinin təşkilinin zəruri olduğunu bildirib. Baş konsul həmçinin, BƏƏ və Azərbaycan cəmiyyətində, eyni zamanda universitetlərində çoxmədəniyyətli mühitin formalaşması və inkişafına dəstək verilməsi xüsusiyyətinin hər iki ölkənin ortaq müsbət mədəni dəyəri olduğunu vurğulayıb.

Professor təhsildə keyfiyyətin artırılması, daxili potensialın gücləndirilməsi və kadrların peşəkarlıq səviyyəsinin daim yüksəldilməsi məqsədilə beynəlxalq təhsil təşkilatları ilə sıx əməkdaşlığın zəruriliyini təsdiqləyib.

Görüş zamanı Baş konsul Pərviz İsmayılzadə Şarca Universitetinin direktoru Professor Həmid Əl Nəimiyə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında Graeme H. Uilsonun müəllifi olduğu “İlham Portrait of a President” kitabı təqdim edib. Baş konsul bu fundamental əsərin xronoloji ardıcıllıqla Ümummilli lider Heydər Əliyevin mərdlik və siyasi məharəti sayəsində əsası qoyulmuş müstəqil Azərbaycan Respublikasının ilk günlərindən başlayaraq, Heydər Əliyev yolunu yaradıcı surətdə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi sayəsində Azərbaycan Respublikasının bu gün Cənubi Qafqaz bölgəsində lider dövlətə və bütün dünya azərbaycanlılarının qürur mənbəyinə çevrilməsindən bəhs etdiyini Şarca Universitetinin direktoruna çatdırıb.

P.İsmayılzadə sözügedən kitabdan Şarca Universitetinin 11 kitabxanasının hər birinə ayrı-ayrılıqda 20 nüsxə hədiyyə edəcəyini qeyd edib.

H. Əl Nəimi cənab Prezident haqqında kitablar üçün Baş konsula dərin minnətdarlığını bildirmiş, universitet tələbələrinin cənab İlham Əliyev kimi zəngin siyasi təcrübəyə və yüksək erudisiyaya malik insan haqqında daha çox məlumat toplamağın xüsusilə əhəmiyyətli olduğunu bildirib.

Görüşün gedişatında P. İsmayılzadə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında ümumi məlumatı və torpaqlarımızın 20 faizinin hələ də düşmən tapdağı altında olduğunu qarşı tərəfin diqqətinə çatdırdıqdan sonra, BƏƏ-nin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını qeyd edib. Baş konsul, həmçinin Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən Ermənistan universitetlərinin digər ölkələrin universitetləri ilə əməkdaşlıq qurmaq  niyyətləri barədə məlumat vermiş və Şarca universitetinin bu növ təklif ilə qarşılacağı və müsbət yanaşacağı təqdirdə, iki ölkə arasında mövcud dostluq münasibətlərinə xələl gətirəcəyinə şübhə olmadığını bildirdi.

Öz növbəsində universitet rəhbərliyi Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində fəaliyyət göstərən Ermənistan Respublikasının  universitetləri ilə əməkdaşlıq etməyəcəklərinə dair təminat verib.

Görüşdən sonra, universitetin tibb kolleci və hospitalında, stomatologiya, əczaçılıq, mühəndislik, elm və ədəbiyyat, humanitar və sosial elmlər fakültələrinin daxili imkanları ilə daha yaxından tanış olmaq məqsədilə Baş konsul üçün xüsusi tur təşkil olunub.  

növbəti xəbər əvvəlki xəbər