2016-12-08
Azərbaycan Respublikasının Dubay və Şimal Əmirliklərindəki Baş Konsulluğunun birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi ilə bağlı anım tədbiri keçirilmişdir.

Cari ilin 8 dekabr tarixində Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki Səfirliyi və Azərbaycan Respublikasının Dubay və Şimal Əmirliklərindəki Baş Konsulluğunun birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi ilə bağlı anım tədbiri keçirilmişdir.

Ehtiram əlaməti olaraq, bir dəqiqəlik sükutun ardından Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir.

Tədbiri giriş nitqi ilə səfir Daşqın Şikarov açmışdır. Daha sonra çıxış edən Baş konsul Pərviz İsmayılzadə Heydər Əliyev irsinin, siyasi həyatının Azərbaycan xalqı tərəfindən öyrənilməsinin əhəmiyyətindən bəhs etmişdir. P.İsmayılzadə dünyanın siyasi axarını, nəhəng dövlətlərin maraqlarının çarpazlaşan nöqtələrini çox gözəl bilən Heydər Əliyevin dərin zəkası, siyasi uzaqgörənliyi və polad məntiqi ilə hər şeyi yerinə qoya bildiyini, bu dahi şəxsiyyət haqqında bir neçə saat danışmağın kifayət qədər az vaxt olduğunu bildirmişdir. Baş konsul həmçinin qeyd etmişdir ki, bugün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat-qat artırmış, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaradıb.

Sözügedən tədbirdə ulu öndərin siyasi fəaliyyəti haqqında sənədli filmin ardından, Azərbaycan ədəbiyyatının incilərindən hesab  olunan, Leyla Əliyevanın icraçı prodüsseri olduğu “Əli və Nino” filminin nümayişi olmuşdur.

Tədbirdə MDB ölkələrinin Baş konsulları, Azərbaycan Dövlət İnformasiya Agentliyinin BƏƏ-dəki nümayəndəsi, ARDNŞ və diasporanın Dubay şəhərindəki nümayəndələri, Dubay Gömrüyünün və  Skaylayn (Skyline) Universitetinin əməkdaşları, Dubay və Şarca Əmirliyində təhsil alan azərbaycanlı tələbələr, yerli KİV nümayəndələri və digər qonaqlar iştirak edib.

Tədbirin sonunda qonaqlar üçün Azərbaycan milli mətbəxinin ləziz təamları, həmçinin şirniyyatlarından ibarət geniş süfrə təşkil olunub.

 

növbəti xəbər əvvəlki xəbər